
Bakı. Trend:
Çin innovativ, yaşıl, dayanıqlı, ağıllı və müasir şəhərlərin
qurulmasını prioritet hesab edir.
Trend xəbər
verir ki, bu fikirləri Çin Sədri Si Cinpinin xüsusi nümayəndəsi,
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun
üzvü və Çin Dövlət Şurasının Baş nazirin müavini Çjan Qotsin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində
keçirilən Liderlər Sammitində deyib.
Çin nümayəndəsi bildirib ki, ölkədə urbanizasiya prosesi insan
mərkəzli yanaşma əsasında həyata keçirilir və şəhər
infrastrukturunun keyfiyyəti davamlı şəkildə artırılır.
“Çin şəhər strukturlarının optimallaşdırılması, yaşıl keçid,
mədəni irsin qorunması və idarəetmənin səmərəliliyinin artırılması
istiqamətində geniş islahatlar həyata keçirir.
Biz şəhər təhlükəsizliyinin əsaslarını möhkəmləndirir və Çin
xüsusiyyətlərinə malik urbanizasiya modelini inkişaf etdiririk”, –
deyə o əlavə edib.
Çin nümayəndəsi bu il BMT-nin Yeni Şəhər Gündəliyinin qəbulunun
10 illiyinin qeyd olunacağını xatırladaraq bildirib ki, Çin bütün
tərəflərlə birlikdə şəhərlərin daha yaşıl və təhlükəsiz gələcəyinin
qurulmasına hazırdır.
O həmçinin vurğulayıb ki, şəhərlər həyatı yaxşılaşdırır,
əməkdaşlıq isə gələcəyi daha perspektivli edir.

