
Bakı. Trend:
İqlim dəyişikliyi artıq ekoloji çərçivəni aşaraq, qlobal
iqtisadi inkişafı, ərzaq təhlükəsizliyini, urbanizasiya siyasətini,
su ehtiyatlarının idarə olunmasını və aqrar sektorun gələcəyini
birbaşa formalaşdıran fundamental amilə çevrilib.
Trend xəbər
verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda
keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, qlobal temperatur artımı, quraqlıq
dinamikası, şirin su ehtiyatlarının azalması və digər ekstremal
hidrometeoroloji hadisələr Azərbaycan üçün də yeni risklər
formalaşdırır:
“Bu təhdidlərə qarşı ən həssas sahə məhz aqrar sektordur. Kənd
təsərrüfatı iqlim amillərindən birbaşa asılı olan və ölkənin
makroiqtisadi sabitliyi ilə ərzaq təhlükəsizliyini təmin edən
strateji sahə olduğu üçün bu istiqamətdə dayanıqlılığın artırılması
prioritet vəzifədir.
Məhz bu səbəbdən, erkən xəbərdarlıq sistemlərinin qurulması
ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Erkən xəbərdarlıq
mexanizmləri sadəcə təhlükə barədə məlumatlandırma vasitəsi deyil;
bu, risklərin öncədən proqnozlaşdırılması, düzgün idarəetmə
qərarlarının qəbulu, təbii resursların qorunması və ümumi
məhsuldarlığın təminatıdır.
Bu xüsusda, dəqiq aqrometeoroloji proqnozların Elektron Kənd
Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiyası mühüm
strateji addımdır. Aqrometeoroloji datanın EKTİS vasitəsilə
istehsalçılara operativ şəkildə ötürülməsi təsərrüfat fəaliyyətinin
idarə olunmasında yeni keyfiyyət mərhələsi yaradır. Bu sistem
vasitəsilə fermerlər:
• Aqrotexniki prosesləri (əkin, suvarma və məhsul yığımı) elmi
əsaslarla planlaşdırmaq;
• Şaxta, quraqlıq, dolu və digər iqlim risklərinə qarşı qabaqlayıcı
tədbirlər görmək;
• Bitki və heyvan mənşəli məhsulları potensial təhlükələrdən
effektiv qorumaq;
• Təsərrüfat planlamasını iqlimə uyğunlaşdırma imkanı və s. əldə
edirlər”.
O bildirib ki, nəticədə məhsul itkisi minimuma endirilir, aqrar
sahədə maliyyə dayanıqlığı artır və ölkənin ərzaq balansının
sabitliyi gücləndirilir.
“Strategiyamızın növbəti fundamental istiqaməti kənd
təsərrüfatında resursların səmərəli idarə olunması məqsədilə Süni
İntellekt (Sİ) əsaslı sistemlərin tətbiqidir. Müasir rəqəmsal
texnologiyalar bizə yalnız məlumat toplamaq deyil, böyük həcmli
verilənləri (Big Data) analiz edərək optimal qərarlar qəbul etmək
imkanı verir.
Həmçinin 2024–2026-cı illəri əhatə edən “Aqrar Süni İntellekt”
layihəsi çərçivəsində kənd təsərrüfatında müasir texnoloji həllərin
tətbiqi davam edir. Hazırda ölkə üzrə 180-dən çox iqlim
stansiyasının göstəriciləri, peyk görüntüləri və torpaq analizləri
vahid sistemdə birləşdirilib. Bu baza vasitəsilə indiyədək 315
mindən çox fermerin və 636 min hektardan artıq sahənin məlumatları
təhlil olunub.
Layihə çərçivəsində məhsuldarlıq proqnozu, bitki sağlamlığı və
suvarmanın idarə edilməsi üzrə hazırlanmış 33 modeldən 14-ü artıq
inteqrasiya mərhələsindədir. Qalan modellərin isə ilin sonunadək
tamamlanması nəzərdə tutulur. Bu sistemlərin real bəhrəsini artıq
sahələrdə görürük. Belə ki, 4 regionda, 4 meyvə növü üzrə
fermerlərə xəstəlik və zərərvericilər barədə 3 gün əvvəldən
xəbərdarlıq bildirişləri göndərilir. Bu da məhsul itkisinin
azaldılmasına, resurslara qənaətə və subsidiya siyasətinin
təkmilləşdirilməsinə birbaşa dəstək verir.
Hazırda sistemin e-Agro, EKTİS və Yonca platformalarına
inteqrasiyası yekunlaşmaq üzrədir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

