
Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) dördüncü günü işə başlayıb.
Trend xəbər
verir ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan
hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun bugünkü
proqramı urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər
inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr
olunub.
Dördüncü gün çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və
gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”,
“Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil
təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən
düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”,
“Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə
olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim
irsinin inkişafı” mövzularında dialoqlar, xüsusi sessiyalar və
dəyirmi masalar keçiriləcək.
Forum iştirakçıları urbanizasiya proseslərinin sosial
inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri
əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək.
Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ
həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal
texnologiyaların rolu geniş müzakirə olunacaq.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.
Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət, turizm və
yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini
nəzərdə tutur.
Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və
müzakirələrlə müşayiət olunub.
İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı,
nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı
müzakirələr keçirilib. Eyni zamanda, BMT və Azərbaycan
bayraqlarının qaldırılması mərasimi təşkil olunub.
İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli
müzakirələr aparılıb. WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı da baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq
baxımından mühüm addım kimi qiymətləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

