
Bakı. Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən
bərpa və yenidənqurma siyasəti yalnız fiziki infrastrukturun
qurulmasına deyil, həm də davamlı iqtisadi inkişafın və dayanıqlı
məskunlaşmanın təmin edilməsinə yönəlib.
Trend xəbər
verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında
Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən World
Urban Forum 13 çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri:
Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata
keçirilməsi” mövzusunda tədbirdə deyib.
O bildirib ki, davamlı məskunlaşmanı dəstəkləmək və azad edilmiş
ərazilərdə iqtisadi fəallığı artırmaq məqsədilə investorlar və
sahibkarlar üçün xüsusi iqtisadi həvəsləndirmə mexanizmləri tətbiq
olunur.
“İnvestorların fəaliyyətini asanlaşdırmaq üçün vergi və gömrük
güzəştləri təqdim edilir. Eyni zamanda investisiyaların daha
səmərəli və effektiv həyata keçirilməsi üçün güzəştli maliyyə
mexanizmləri yaradılıb. Yerli və xarici investorlar üçün
sadələşdirilmiş şərtlər tətbiq olunur”, — deyə o qeyd edib.
V.Hacıyev vurğulayıb ki, Araz çayının yaxınlığında yerləşən
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı regionun əsas
investisiya mərkəzlərindən biridir.
“Hazırda burada 19 rezident şirkət və 3 qeyri-rezident biznes
subyekti fəaliyyət göstərir”, — deyə o bildirib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları rəsmi olaraq “Yaşıl Enerji Zonası” elan olunub və həmin
ərazilərdə bütün mümkün yaşıl enerji həlləri tətbiq edilir.
“Region təmiz enerji istehsalı üçün su ehtiyatlarından geniş
istifadə edir. Təkcə Zəngilan rayonunda hər birinin gücü 50 meqavat
olan dörd su elektrik stansiyası fəaliyyət göstərir”, — deyə
V.Hacıyev bildirib.
O qeyd edib ki, bölgənin günəş enerjisi potensialı Azərbaycanın
digər əraziləri ilə müqayisədə daha yüksəkdir.
“Yaşayış evlərinin və ictimai binaların dam örtükləri günəş
panelləri ilə təchiz olunur. Regionun yüksək günəş enerjisi
potensialı iri beynəlxalq enerji şirkətlərinin də marağına səbəb
olub”, — deyə o vurğulayıb.
V.Hacıyev bildirib ki, bp şirkəti Cəbrayılda gücü 240 meqavat
olan günəş elektrik stansiyasına investisiya yatırır.
“Bundan əlavə, daha iki xarici şirkət ümumi gücü 150 meqavat
olan enerji layihələrinə sərmayə qoyur”, — deyə o əlavə edib.
Onun sözlərinə görə, alternativ enerji mənbələri ümumi enerji
şəbəkəsinə inteqrasiya olunur.
“Bu enerji yalnız Qarabağda yerli sənayenin təminatı üçün deyil,
gələcəkdə ixrac üçün də tam kifayət edəcək”, — deyə V.Hacıyev qeyd
edib.
O vurğulayıb ki, Azərbaycanın münaqişədən sonrakı bərpa modeli
yalnız fiziki yenidənqurma ilə məhdudlaşmır.
“Məqsəd insanların tam müstəqil və dayanıqlı şəkildə yaşaya
biləcəyi icmalar yaratmaqdır”, — deyə o bildirib.
V.Hacıyevin sözlərinə görə, bu strategiya qlobal Dayanıqlı
İnkişaf Məqsədlərinə uyğun olaraq ağıllı planlaşdırma, yaşıl
enerji, rəqəmsal həllər və iqtisadi inkişaf olmaqla dörd əsas
istiqamət üzərində qurulub.
“Ağıllı planlaşdırma və rəqəmsal həllər vasitəsilə bir-biri ilə
əlaqəli müasir şəhər və kəndlər yaradılır. Əsas məqsəd doğma
yurdlarına qayıdan insanların təhlükəsiz, rahat və iqtisadi
baxımdan dayanıqlı mühitdə yaşamasını təmin etməkdir”, — deyə o
qeyd edib.
O əlavə edib ki, Azərbaycanın bu təcrübəsi münaqişədən sonrakı
bərpa və iqlimə davamlı regional inkişaf üzrə qlobal müzakirələrə
praktiki töhfə kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

