WUF13 indiyədək keçirilmiş ən böyük forum olub – Anar Quliyev

Baş səhifə

Bakı. Trend:

WUF13 qlobal mənzil böhranının həlli üçün güclü siyasi iradə
nümayiş etdirdi.

Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər
Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının
(WUF13) rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, WUF13 mənzilin qlobal şəhər gündəliyinin
mərkəzinə yerləşdirildiyi və əlçatan, təhlükəsiz, dayanıqlı mənzilə
çıxışın əsas insan hüququ olduğu fikrinin bir daha təsdiqləndiyi
yaddaqalan forum kimi tarixə düşüb:

“Forum çərçivəsində aparılan müzakirələr göstərdi ki, mənzil
yalnız insanların fundamental ehtiyacı deyil, eyni zamanda
ləyaqətin, dayanıqlılığın, sosial inklüzivliyin, iqtisadi
imkanların və davamlı şəhər inkişafının əsasını təşkil edir. WUF13
həmçinin vurğuladı ki, qlobal mənzil böhranının aradan qaldırılması
effektiv çoxtərəflilik, daha güclü tərəfdaşlıqlar, innovativ
maliyyələşdirmə mexanizmləri və bütün səviyyələrdə əlaqələndirilmiş
fəaliyyət tələb edir.
Bu forum təkcə miqyası ilə deyil, həm də innovativ formatları,
inklüziv iştirakçılığı və konkret nəticələri ilə yadda qalacaq.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma
Forumunun tarixində ilk dəfə təşkil olunan Liderlərin Bəyanatı
sessiyası WUF13-ün ən əlamətdar məqamlarından biri oldu. Sessiyada
27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və
beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhər
gündəliyinin irəlilədilməsi, dayanıqlı şəhər inkişafı sahəsində
beynəlxalq əməkdaşlığın gücləndirilməsi, hər kəs üçün adekvat
mənzil və dayanıqlı icmaların təmin olunmasına dair güclü siyasi
iradəni nümayiş etdirdi”.

A. Quliyev bildirib ki, WUF13-ün digər mühüm nailiyyəti
Azərbaycanın sədrliyi ilə Yeni Şəhər Gündəliyinin icrasının
qiymətləndirilməsi məqsədilə yenilənmiş formatda keçirilən nazirlər
toplantısı oldu: “Tədbirdə iştirak edən 111 ölkədən 80-i nazirlər
səviyyəsində təmsil olunurdu. Toplantıdan sonra təşkil edilən
tematik panellər mənzil, iqlim dəyişikliyi, dayanıqlılıq, sosial
inklüzivlik və beynəlxalq əməkdaşlıq mövzularında daha interaktiv
və həll yönümlü dialoq platforması yaratdı.

Müzakirələr zamanı aparılan geniş fikir mübadiləsi və
səsləndirilən praktiki tövsiyələr Sədr Xülasəsinin hazırlanmasına
mühüm töhfə verdi, eyni zamanda bu ilin sonlarında BMT Baş
Assambleyası çərçivəsində keçiriləcək yüksək səviyyəli iclasda Yeni
Şəhər Gündəliyinin nəzərdən keçirilməsi prosesinə əlavə təkan
verdi.

Qeyd etmək istərdim ki, sonradan ictimaiyyətə təqdim olunacaq
Sədr Xülasəsində bir sıra vacib məqamlar əksini tapıb. WUF13
indiyədək keçirilmiş ən böyük forum olub. Tədbirdə 176 ölkədən 24
min 44-dən çox iştirakçı yer alıb ki, bu da inklüziv dialoqun
gücünü nümayiş etdirir.

Nazirlər WUF13-ün hazırlanması zamanı tətbiq edilən innovativ
yanaşmaları, eləcə də forum tarixində ilk dəfə təşkil olunan
Liderlərin Bəyanatı sessiyasını yüksək qiymətləndirərək,
Azərbaycanın və UN-Habitat-ın gələcək Ümumdünya Şəhərsalma
Forumlarına ev sahibliyi edəcək ölkələr üçün əməliyyat
təlimatlarının hazırlanması istiqamətində əməkdaşlıq etmək
niyyətini alqışlayıblar”, – deyə Anar Quliyev vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir