
Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı
ilə həyata keçirilən “Könüllü Liderlərin İnkişaf Konsepsiyası”
(KLİK) proqramının açılış mərasimi keçirilib.
Trend xəbər
verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan tədbir Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Könüllü Təşkilatları
İttifaqının sədri Vüqar Əliyev proqramın əsas məqsədinin yeni nəsil
gənc liderlərin yetişdirilməsi, könüllülük sahəsində fəaliyyət
göstərən gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi və
onların potensialının üzə çıxarılması olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondu və
AKTİ tərəfindən həyata keçirilən proqram ümumilikdə altı ay davam
edəcək. İlk üç ay ərzində iştirakçılar müxtəlif təlim və
sessiyalarda iştirak edəcək, növbəti üç ayda isə təcrübə
proqramlarına cəlb olunaraq əldə etdikləri bilik və bacarıqları
praktik fəaliyyət zamanı tətbiq etmək imkanı qazanacaqlar.
Vüqar Əliyev qeyd edib ki, proqrama maraq kifayət qədər yüksək
olub. Belə ki, qeydiyyat mərhələsində 1000-ə yaxın gənc müraciət
edib və seçim mərhələsinin nəticələrinə əsasən 35 nəfər proqram
iştirakçısı kimi müəyyənləşdirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun
Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Nail Şükürov isə
bildirib ki, Azərbaycanda könüllü hərəkatı bu gün yalnız gənclərin
ictimai və sosial fəallığının artırılması üçün deyil, həm də
onların şəxsi inkişafı baxımından mühüm platformaya çevrilib.
O vurğulayıb ki, son illərdə ölkədə könüllülük fəaliyyətinin
sistemli şəkildə inkişaf etdirilməsi və beynəlxalq tədbirlərin
uğurla keçirilməsi könüllülərin rolunu daha da artırıb.
“Bir neçə gün əvvəl yekunlaşan beynəlxalq tədbir də göstərdi ki,
könüllülərin təşəbbüskarlığı və liderlik bacarıqları olmadan bu cür
tədbirlərin yüksək səviyyədə təşkili mümkün deyil. Könüllülərimizin
fəaliyyəti ölkəmiz üçün böyük əhəmiyyət daşıyır və onların
inkişafına yönələn layihələr daim dəstəklənir”, – deyə Nail Şükürov
bildirib.
O əlavə edib ki, artıq 15 ildir fəaliyyət göstərən Gənclər
Fondunun əsas prioritet istiqamətlərindən biri istedadlı,
təşəbbüskar və fəal gənclərin aşkara çıxarılması, onların
potensialının inkişaf etdirilməsidir. Bu məqsədlə müxtəlif qrant
proqramları və layihələr vasitəsilə gənclərin və gənclər
təşkilatlarının fəaliyyətinə dəstək göstərilir.
Rəsmi çıxışlar zamanı Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Vüqar İskəndərov da proqramın əhəmiyyətindən danışaraq
bildirib ki, bu kimi təşəbbüslər könüllü gənclərin şəxsi və peşəkar
inkişafında mühüm rol oynayır, onların liderlik bacarıqlarının
formalaşmasına, ictimai fəallığının artmasına və gələcək karyera
istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verir.
Tədbir çərçivəsində “KLİK” proqramının təqdimat videoçarxı
nümayiş etdirilib, həmçinin “KLİK iştirakçılarının proqramla bağlı
təəssüratları” adlı videoçarx təqdim olunub.
Daha sonra proqram iştirakçıları Təranə Şahbazova və Elşən
Soltanzadə çıxış edərək layihənin müsahibə və seçim mərhələsində
qazandıqları təcrübə, eləcə də proqramın onlar üçün yaratdığı
inkişaf imkanları barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” proqramı
könüllülük fəaliyyətinin inkişafına, gənclərin liderlik
potensialının gücləndirilməsinə və ölkədə yeni könüllü liderlər
nəslinin formalaşdırılmasına töhfə verməyi hədəfləyir.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

