
Bakı. Trend:
17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə
təşkilatçılığı, “Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə “Yerli
şirkətlərin tanıtım sərgisi” keçiriləcək.
KOBİA sərginin təşkilatçılarından olmaqla yanaşı, tədbirdə
xüsusi stendlə də təmsil olunacaq. Agentliyin stendində ödənişsiz
olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik
sahibkarlar iyunun 11-dək müvafiq formanı doldurmaqla Agentliyə
müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
(“İştirak etmək istədiyiniz tədbir” bölməsində “7-ci Yerli
şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır).
Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 7-ci dəfə
təşkil olunur. Builki sərgidə inşaat, qida, İKT, təhsil, sənaye,
kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət
göstərən 300-dən çox yerli şirkətin məhsul və xidmətlərini nümayiş
etdirməsi nəzərdə tutulur. Sərginin əsas məqsədi Azərbaycan
şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların
yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında
qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Həmçinin sərgi
çərçivəsində iştirakçılar üçün xüsusi ayrılmış “B2B zona”da iri
şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə
qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə
tutulur. “B2G zona” da isə sahibkarlar dövlət qurumlarının
nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək
mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə
etmək imkanı əldə edəcəklər. İş adamları Cəmiyyətinin Milli
Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət
Reklam Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan
Dövlət İqtisad Universiteti, eləcə də “Firavan Park”, “Vidal Özəl
Sənaye Məhəlləsi”, “MG Transport”, “N-Advert”, “Moon Group”, “BHB
Strategic and Creative CO” sərginin tərəfdaşlarıdır. Sərgi ilə
bağlı ətraflı məlumatı marsolexpo.az saytından və *0555 nömrəsinə
zəng etməklə öyrənmək olar.

