Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 26-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar
müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı
cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində
ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan,
David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya
şikayətlərinə baxılmasına dair ilkin baxış iclası başlayıb.

Trend xəbər
verir ki, Bakı Apellyasiya Məhkəməsində hakimlər Elmar Rəhimovun
sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə
keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə
apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə
– erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin
olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət
ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğunun Dövlət
ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı,
həmin idarənin prokurorları Anar Ələkbərov və Sevinc Qasımova,
habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər
Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

İclasda məhkəmə tərkibi və tərcüməçilər proses iştirakçılarına
təqdim olunub, məhkumların şəxsiyyət və anket məlumatları
dəqiqləşdirilib, onların prosessual hüquq və vəzifələri izah
edilib.

Tərəflər məhkəmə tərkibinə və tərcüməçilərə etirazlarının
olmadığını bildiriblər.

Bundan əlavə, tərcüməçilərə qanunvericiliyin tələbləri, hüquq və
vəzifələri izah olunub, məhkumların onlara etirazlarının
olub-olmaması dəqiqləşdirilib. Müdafiəçilər, zərərçəkmiş şəxslərin
nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorların
səlahiyyətləri elan olunub.

Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov çıxışında
bildirib ki, apellyasiya şikayətləri verilərkən cinayət-prosessual
qanunvericiliyin tələblərinə əməl olunub. O qeyd edib ki, hazırkı
mərhələdə məhkəmə baxışına hazırlıq iclasının predmetini işin
apellyasiya baxışına təyin edilməsinin mümkünlüyü məsələsi təşkil
edir. İttiham tərəfi hesab edir ki, apellyasiya icraatının
başlanılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual
şərtlərə əməl olunub və iş əlavə sübutlar tələb edilmədən məhkəmə
baxışına təyin edilə bilər.

Məhkəmə tərəflərin mövqelərini və verilmiş vəsatətləri müzakirə
etdikdən, həmçinin tərəflərin verilən vəsatətlərə münasibətini
öyrəndikdən sonra müşavirəyə gedib.

Müşavirədən sonra qəbul edilmiş qərarlar elan olunub və cinayət
işi apellyasiya baxışına təyin edilib. Bildirilib ki, məhkəmə
baxışı istintaq aparılmadan və əlavə sübutlar tədqiq edilmədən
iyunun 2-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il
tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan,
David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan
məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako
Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik
Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il,
Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il
müddətinə azadlıqdan məhrum ediliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir