
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Birləşmiş Krallığa işgüzar səfəri zamanı
Edinburq Universitetində Şotlandiyada yaşayan Azərbaycan icması ilə
görüşüb.
Bu barədə Trend-ə komitədən məlumat verilib.
Bildirilib ki, görüş Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Edinburq Universitetindəki Azərbaycan Tələbə Cəmiyyətinin
və “Caspian Circle” təşkilatının birgə təşəbbüsü ilə keçirilib.
Görüşdə Şotlandiyanın Edinburq, Qlazqo, Aberdin, Dundi və
Stirlinq şəhərlərindən icma üzvləri, tələbələr, diaspor fəalları və
yerli ictimaiyyətin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Dövlət
himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi
bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Komitə sədri icma görüşünə böyük maraq göstərən soydaşlarımızı
salamlayaraq, ənənə halını alan belə görüşlərin xaricdəki
azərbaycanlıların həmrəyliyinə, diaspor fəaliyyətinin daha da
gücləndirilməsinə xüsusi töhfə verdiyini bildirib. Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi
bütövlüyünün və suverenliyinin bərpasından sonra işğaldan azad
edilən ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərindən
bəhs edib, regionda davamlı sülhün və sabitliyin təmin olunması
istiqamətində atılan addımlara diqqət çəkib. Sədr Azərbaycan
həqiqətlərini Şotlandiya ictimaiyyətinə çatdıran, bu istiqamətdə
birlik və həmrəylik göstərən icma üzvlərinə minnətdarlığını ifadə
edib.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi
uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya
Şuraları, həftəsonu Azərbaycan məktəbləri, soydaşlarımız arasında
uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər
vacib istiqamətləri barədə müfəssəl məlumat verilib.
Edinburq Azərbaycan Tələbə Cəmiyyətinin rəhbəri Elmar Əmirov və
“Caspian Circle” təşkilatının rəhbəri Fuad Ələkbərov çıxış edərək,
təmsil etdikləri qurumların fəaliyyəti, məqsəd və prioritetləri
barədə məlumat verib, Şotlandiyadakı azərbaycanlı gənclərin
təşəbbüsləri, diaspor fəaliyyətinin genişləndirilməsi və
milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıblar. Bu
günədək həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq
istiqamətində görülən işlər, tələbə və gənclərin inkişafına yönələn
proqramları diqqətə çatdırıblar.
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov
çıxışında Şotlandiyadakı diasporumuzun gördüyü işləri yüksək
qiymətləndirib.
İcma üzvləri ilə geniş və səmərəli müzakirə aparılıb.
Soydaşlarımız ölkəmizin burada təbliğ olunması istiqamətində
görülən işlərdən danışıb, gələcək əməkdaşlıq imkanları və diaspor
fəaliyyətinin daha da gücləndirilməsinə dair fikir və təkliflərini
səsləndiriblər.
Çıxışlardan sonra nümayiş olunan ”Qarabağ Azərbaycandır!”
videoçarxı böyük maraq və diqqətlə izlənilib.
Soydaşlarımız 28 May – Müstəqillik Günü ərəfəsində təşkil edilən
icma görüşünə görə Diasporla İş üzrə Dövlət Komitəsinə
təşəkkürlərini bildiriblər.
Görüşün bədii hissəsində Lids şəhərində yaşayan soydaşımız,
xoreoqraf Səkinə Muxtarlının ifasında milli rəqslərimiz
iştirakçılara zövqlü musiqi anları yaşadıb.

