Ülvi Quliyev: “Azərbaycandan fərqli olaraq, Ermənistan heç vaxt de-fakto müstəqil olmayıb” – MÜSAHİBƏ

Siyasət

Müsahibimiz Milli Məclisin deputatı Ülvi Quliyevdir. Modern.az Prezident İlham Əliyevin sentyabrın 19-da verdiyi müsahibədə səsləndirdiyi mühüm mesajlara deputatın təhlili şərhini təqdim edir.

– Prezident İlham Əliyev sentyabrın 19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdikdən sonra ölkə telekanallarına müsahibə verdi. Çox maraqlı müsahibədir, mesajlarla zəngindir. Dövlət başçısının mesajları fikrinizcə, daha çox daxili auditoriyaya, yoxsa xarici müşahidəçilərə ünvanlanıb?

– Yəqin, diqqət yetirmisiniz ki, cənab Prezidentin ölkə jurnalistlərinə, yerli telekanallara müsahibələri müntəzəm xarakter daşıyır. Lakin bu müsahibələr müsahibə, siyasi gündəmi məşğul etmək naminə verilmir. Cəmiyyətimizin gözləntiləri, ictimai müzakirələrdə prioritet təşkil edən mövzular ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu, ilk növbədə, onun göstəricisidir ki, siyasi hakimiyyətin bir nömrəli şəxsi ictimai fikrə həssasdır, rəhbərlik etdiyi xalq və cəmiyyətlə ünsiyyətə açıqdır. Bu ünsiyyət onun üçün ictimaiyyətə gərəkli olduğu dərəcədə önəmlidir.

Elə buna görə də müsahibədəki açıqlamalar, ilk növbədə, xalqımıza, cəmiyyətimizə ünvanlanıb. Cənab Prezidentin bildirdiyi fikirlərin ifadə tərzi və məzmunu onun göstəricisidir ki, bəzi ölkə liderlərindən fərqli olaraq, o, böyük siyasətdə belə, öz xalqı ilə səmimi və açıq danışmaq ənənəsinə sadiq qalır. İnternet dövründə ətrafımızda baş verənləri müşahidə etmək imkanlarımız kifayət qədər genişdir. Məsələn, görürük ki, ayrı-ayrı ölkələrdə, xüsusən də Ermənistanda siyasi rəhbərlik daim gündəmdə olmaq, ictimai diqqəti önəmli məsələlərdən və ölkəiçi problemlərdən yayındırmaq xətrinə populizmə yuvarlanır, hətta şou xarakterli ucuz davranış tərzini belə özünə rəva görür. Paşinyan evində araq çəkir, xumarlanıb yatır, bu düşük mənzərənin fotolarını paylaşır, xanımı isə Qarabağda “Kalaşnikov” avtomatı ilə poz verir. Ali siyasi statusla bir araya sığmayan, öz cəmiyyəti ilə ünsiyyətdə bu cür ucuz davranış nümunələri də mövcuddur. Hər bir halda, bu da erməni xalqının seçimidir, rəhbərlərinin ayılıb real siyasətə, real həyata qayıtmasına, verdiyi vədlərə əməl etməsinə bundan sonra nə qədər möhlət tanıyacaqlar, onların öz işidir. Amma nəticəsinin qaranlıq, acı işartıları kənardan artıq görünməyə başlayıb…

Dövlət başçımızın müsahibəsindəki mesajların ünvan əhatəsi kifayət qədər genişdir. Cəmiyyətimizlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusa ünvanlanan ismarıclar da yetərincədir. Yaxın və uzaq qonşularımız, dünya birliyi, beynəlxalq təşkilatlar üçün nəzərdə tutulan mesajlar müsahibədə önəmli yer tutur. Bu müsahibə əsl dövlət adamının, təcrübəli dövlət xadiminin məsələlərə yanaşma tərzinin və baxışlarının sərrast ifadə nümunəsidir.

– Ülvi müəllim, Prezidentin müsahibəsi həqiqətən də ciddi mesajlarla zəngindir və qeyd etdiyiniz kimi, ünvan əhatəsi genişdir. Bu mesajların əsas hədəfini, məqsədini nədə görürsünüz?

– Cənab Prezidentin açıqlamaları ilk baxışdan müxtəlif sahələrlə bağlı görünsə də, əslində onlar məntiqi ardıcıllığa söykənir, nəticə etibarı ilə bir məqsədə və əsas hədəfə xidmət edir: xalqımızın ən narahat, ağrılı yeri olan Qarabağ düyününün çözülməsi, torpaqlarımızın işğaldan azad edilməsi. Mərasim “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyulmasına həsr olunmuşdu. Belə layihələr regional sərhədləri aşan projelərdəndir. Qlobal mahiyyətli bu cür enerji layihələrindən gözlənilən dividendlərin iqtisadi cəhətdən güclü və müstəqilliyini qorumaq iradəsini ortaya qoyan ölkəmiz üçün əhəmiyyəti danılmazdı. İqtisadi gücü olmayan dövlətin yüksək hərbi-texniki təchizatlı, güclü ordusu ola bilməz. Bu da həqiqətdir. Əsgərinin arxasında dayanan cəmiyyətin güzəranı, gündəlik qayğıları həll olunmadan, onun ordusuna göstərə biləcəyi dəstək yetərli olmaya bilər. Bu cür iqtisadi layihələrdən gələn dividendlərin əsas hədəflərindən biri də məhz bu məsələlərin etibarlı həlli ilə bağlıdır. Bugünün özündə də, həmin layihələr iqtisadi gücümüzün təməlində dayanır, yaxın illərdə də əsas iqtisadi resurs faktoru kimi qalacaqdır.

Ciddi enerji projesinə həsr olunmuş bu tədbirdə cənab Prezident açıq şəkildə bildirdi ki, işğalçı Ermənistan təxribatlarından əl çəkmək fikrində deyil, onun bu təxribatları nəticəsində ”Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir”. Bu açıqlama həm də ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədrlərə bir mesaj idi. Cənab Prezident beynəlxalq birliyə, eləcə də vasitəçilərə çatdırdı ki, ”Qarabağ Ermənistandır”, ”Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır” kimi cəfəng, sərsəm ritorikadan istifadə edən Paşinyan danışıqların pozulmasının əsas müəllifidir. Ermənistan tərəfindən Qarabağda aparılan qanunsuz məskunlaşma, Livandan olan etnik ermənilərin ora köçürülməsi, dövlət başçımızın qeyd etdiyi kimi: “Cenevrə Konvensiyasına tamamilə ziddir, bu cinayətdir… Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır, bizi təxribata çəkirlər…Bizim qədim tarixi şəhərimiz Şuşada o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin güya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik?”. Prezidentimiz bu açıqlaması ilə faktiki olaraq həmsədrlərin nəzərinə çatdırdı ki, siyasi və hərbi təxribat Ermənistanda ənənə, vərdiş halına çevrilib və bütün bunlar vasitəçilərin gözləri önündə baş verməkdədir. Cəmiyyətimizin görmək istədiyi və haqq etdiyi həmsədrlərin sərt etiraz səsi isə eşidilmir, onların susqunluğu status-kvo vəziyyətinin saxlanılmasına, nəticədə yalnız ermənilərin marağına xidmət edir. Ölkə başçımız cəmiyyətimizin haqlı narazılığına səbəb olan bu mövqeyə də kəskin etirazını bildirdi: “Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var. Onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.

Cənab Prezident ermənilərin son iyul təxribatına da xüsusi diqqət çəkdi, həmsədrlərə növbəti ismarıcını göndərdi: “O da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib”. Ölkə başçımız Ermənistanın müntəzəm həyata keçirdiyi siyasi-hərbi təxribatlarına xüsusi yer ayırmaqla faktiki olaraq həmsədrlərə çatdırdı ki, onların vasitəçilik mandatına, səylərinə cəmiyyətimizdə tükənməkdə olan inamı söndürməsinlər. Ya işğalçıya kəsərli sözlərini deyə bilsinlər, ya da xalqımızın tarixi və hüquqi haqqına çatmasına eyni diplomatik qaydada susub imkan versinlər.

– Prezidentin açıqlamalarından görünən odur ki, Ermənistan təxribatlardan əl çəkmək niyyətində deyil, yalnız status-kvonun saxlanılmasında maraqlıdır. Üstəlik strateji müttəfiqimiz olan Serbiya, həmsədrlərdən biri olan Rusiya işğalçını silahla təchiz edir. Belə anlaşılır ki, bir həll yolumuz qalır, elə deyilmi?

– Cənab Prezident bu məsələ ilə bağlı mövqeyini də açıq şəkildə ifadə etdi: “Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik”.

Serbiya və Rusiya tərəfindən Ermənistanın silahlanması kimi strateji müttəfiqlik münasibətlərinə uyğun olmayan davranışlara da cənab Prezident bir daha aydınlıq gətirdi. Bildirdi ki, hər iki dövlətin prezidentləri ilə telefon söhbətləri olub, onlara özünün və cəmiyyətimizin narahatlığını, əsaslı etirazını çatdırıb. Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, Ermənistana havayı hərbi təyinatlı yük göndərən ölkələrdən biri tərəfsiz vasitəçilik öhdəliyini öz üzərinə götürən, son 27 ildə strateji müttəfiq və yaxın qonşu kimi dəyər verdiyimiz, regionda güc sahibi olan Rusiya Federasiyasıdır. Cəmiyyətimizdə narahat suallar doğuran və haqlı narazılığa səbəb olan əsas məsələlərdən biri də elə budur. Təsadüfi deyil ki, dövlət başçımız tarixi faktlara istinad edərək, xüsusi olaraq vurğuladı ki, “yoxsa ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər”.

Unutmalı olmadığımız tarixi həqiqətlərdən biri də budur ki, Ulu Öndər Heydər Əliyev Sovet İttifaqında Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Heydər Əliyev fenomeni uzun illər ermənilərə imkan vermirdi ki, bu arzularını açıq şəkildə ortaya qoysunlar. Qorbaçovun və ermənilərdən ibarət yaxın ətrafının, Volski kimilərinin xain hərəkətləri Qarabağın işğalının, Xankəndidə ilk etnik təmizləmə siyasətinin təməlini qoydu. Cəmiyyətimiz hələ də unutmayıb və unutmamalıdır ki, Sovet İttifaqının 366-cı alayı ermənilərlə birgə Xocalı soyqırımını törədiblər. Bu alayda xidmət edənlərin çoxu ermənilərdən ibarət olsa da, alay Moskvaya məxsus idi. SSRİ-nin hüquqi və siyasi varisi isə bugünkü Rusiyadır, münaqişədə tərəfsiz vasitəşiliyi həyata keçirməli olan həmsədr ölkələrdən biridir. O ölkə ki, işğalçı Ermənistanın ərazisində böyük hərbi bazası yerləşir, işğalçı ilə eyni hərbi blokda təmsil olunur. Ermənilərin son təxribatından dərhal sonra Rusiyadan Ermənistana hərbi təyinatlı yükün göndərilməsi cəmiyyətimizin inamını və səmimi dostluq münasibətini faktiki sınağa çəkdi, narahat suallar və seçim qarşısında qoydu. Həqiqətdir ki,  Rusiyanın bugünkü siyasi hakimiyyətinə ölkəmizdə uzun illər daxili bir inam olub. Xüsusən də Prezident cənab  Vladimir Putinin azərbaycanlıları yaxından tanıdığına, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə şəxsi münasibətlərinə görə cəmiyyətimizdə suallar doğuran məqamlara baxmayaraq, bu inamın sönməsinə imkan verilməyib. Əksinə, bəzi MDB ölkələrindən, bugünkü Ermənistandan fərqli olaraq, rus dilinə və mədəniyyətinə cəmiyyətimizdə xüsusi hörmət göstərilib, konkret əməllərlə strateji müttəfiqliyimizə və etibarlı dostluğumuza tərəfimizdən şübhə yeri qoyulmayıb. Cənab İlham Əliyevin bir necə il əvvəl Rusiyanın “Sputnik” informasiya agentliyinə verdiyi müsahibədən bir məqamı xatırlatmaq yerinə düşərdi. Rusiyalı jurnalist öz ölkəsinin birinci şəxsi barədə Prezidentimizin fikrini soruşduqda, ölkə başçımız belə cavab vermişdi: “O, həmişə sözünün üstündə durur və iki super səltənətdən birinin rəhbəridir”…

– Bir daha ona əmin oluruq ki, Ermənistan işğal siyasətində heç vaxt tək olmadığı kimi, bu gün də tək deyil və biz bu təhlükələr qarşısında yalnız özümüzə güvənməliyik?

– Tarixi fakt və ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bu həqiqət dünya birliyinə də yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər beynəlxalq sənədlərdə Ermənistan işğalçı kimi tanınır, torpaqlarımızdan qeyd-şərtsiz çıxması ondan tələb olunur. Ermənistanın tək olmasına və ya cütləşməsinə baxmayaraq, havadarlarının kimliyindən və sayından asılı olmayaraq, Qarabağımızı işğaldan azad etmək şərəf, milli qürur məsələmizdir. Buna heç kimin etiraz etməsi üçün hüquqi və mənəvi haqqı yoxdur. Xüsusən də Ermənistan nahaq yerə ümid edir ki, danışıqlar bundan sonra da sonsuza qədər davam edəcək. Onlar bu cür qeyri-konstruktiv mövqelərindən əl çəkməsələr, buna özümüz son verməliyik. Bir də, erməni cəmiyyəti yaxşı bilir ki, dünya düzənində yeni dəyişikliklər baş verir. Ona görə qardaş Türkiyə ilə birgə keçirdiyimiz “TurAz Qartalı” hərbi təlimlərinin onlarda doğurduğu təlaş da səbəbsiz deyil. Cənab Prezident müsahibəsində bu təlimlərə toxunaraq diqqət çəkən belə bir fikir ifadə etdi: “Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu təsadüfidir, ya təsadüfi deyil Ermənistan özü baş çıxarsın…Türkiyə ədalətin, haqqın, öz qardaşlarının tərəfindədir. Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə, – bunu artıq Türkiyədə də bilirlər, Azərbaycanda da bilirlər, dünyada da bilirlər, – Türkiyənin yanında olacağıq, bir yerdə olacağıq”. Ölkə başçısının kimsə üçün şübhəyə yer qoymayan bu açıqlaması konkret mövqenin, qarşılıqlı seçimin təzahürüdür.

Ermənistan və ermənipərəst qüvvələr Türkiyənin regionumuzdakı məsələlərdə iştirak haqqını “ya zəlzələdən, ya da vəlvələdən” kiçiltməyə cəhd edirlər. Amma əbəs cəhdlərdir. Təsadüfi deyil ki, cənab Prezident bir neçə məqamı xüsusi vurğulamaqla, bu cəhdlərin mənasızlığını izah etdi. Qeyd etdi ki, TANAP xətti ilə ölkəmizdən ötürülən qaz Türkiyə bazarında artıq birinci yerdədir və bu, hər iki ölkənin enerji təhlükəsizliyi məsələsidir. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qazın da TANAP xətti ilə Türkiyəyə, oradan isə digər bazarlara ötürüləcəyi artıq razılaşdırılıb. Cənab Prezident qeyd etdi ki, “Azərbaycan xarici ölkələr arasında ən çox investisiyanı Türkiyəyə qoyur, Türkiyə də ən çox xarici investisiyanı Azərbaycana qoyur”. Bu sərmayələrin məbləği on milyardlarla ölçülür. Ona görə də nə birgə hərbi təlimlərimiz, nə iqtisadi əlaqələrimiz, nə də Türkiyənin regiondakı iştirak və maraq haqqı heç kimi narahat etməməlidir. O vaxta qədər ki, bu əlaqələrimizə və ortaq maraqlarımıza kimlərsə təhdid törətməsin…

– Prezident müsahibədə müsəlman həmrəyliyi məsələsinə də xüsusi toxundu. Ermənistanın məqsədli şəkildə bəzi müsəlman ölkələri ilə yaxın əlaqələr qurmaq cəhdinə qarşılıq verilməsinin təəssüf doğurduğunu qeyd etdi. Sizcə belə qarşılığın səbəbi nədir?

-Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə qardaş Türkiyə dünya güclərinin hesablaşmalı olduğu, lakin qısqanclıqla yanaşdığı ciddi siyasi faktora çevrilib. Yaxın Şərqdə və Şərqi Aralıq dənizində, eləcə də Cənubi Qafqaz bölgəsində Türkiyənin beynəlxalq hüquq çərçivəsində göstərdiyi fəallıq bəzi güclərin qıcığına səbəb olur. Bu məqamlar həmin gücləri sövq edir ki, təsir dairələrində olan ayrı-ayrı müsəlman ölkələrinin Türkiyə ilə münasibətlərində ziddiyyət yaratsınlar. Ermənistanın hiyləgər və fürsətcil siyasi rəhbərliyi isə belə imkanları gözdən qacırmırlar. Bunların xisləti bizə yaxşı məlumdur, hərəkət trayektoriyaları da anlaşılandır.

Qınanılan və haqq qazandırılması mümkün olmayan o müsəlman ölkələrinin davranışıdır ki, Qarabağda müsəlman qardaşlarının tarixi, dini, mədəni məbədlərini məhv edib murdarlayan bir ölkənin rəsmisinə qucaq açır, beləsinə əl uzadırlar. Düşünürəm ki, yaxın vaxtlarda İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində bu cür anlaşılmaz davranış tərzi gündəmə gətirilə, sərt şəkildə qınanıla və adekvat nəticələr çıxarıla bilər. Cənab Prezidentin də müsahibədə qeyd etdiyi kimi, “uşaqlarını müsəlmanlara qarşı nifrət ruhunda yetişdirən, bu ideologiyanı uşaqlara aşılayan”, ”türk bizim düşmənimizdir” deyib tarixən qisas hissi ilə yaşayan, yeni ərazilər üçün yeni müharibə ideologiyasını hədəfləyən, ilk növbədə müsəlman ölkələrinin torpaqlarına göz dikən Ermənistana qucaq açanlar bilməlidirlər ki, bu ölkə üçün qucaq dəyişmək, dosta, havadara xəyanət etmək, müsəlman qonşusuna xor baxmaq tarixi bir ənənədir.

Cənab Prezidentin regionda marağı olan dövlətlərə, yaxın qonşularımıza çatdırmaq istədiyi vacib mesajlardan biri də məhz bu idi. Tarixi həqiqətdir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan heç vaxt, xüsusən müasir tarixində de-fakto müstəqil olmayıb, bu gün də deyil. R.Köçəryanın dövründə Moskvanın, S.Sarqsyan dönəmində əvvəlcə Kremlin, sonradan həm də Qərbin qucağına sığınan, bu gün isə Rusiyanın regional maraqlarının ziddinə olaraq, ölkə başçımızın qeyd etdiyi kimi, “Soros rejiminin məhsuluna çevrilən, faktiki Soros tərəfindən idarə olunan” Ermənistana havayı hərbi yardımlar göstərilməsi, birgə təlimlərin keçirilməsi cəmiyyətimizdə anlaşılmır, ciddi suallar və tərəddüdlər doğurur. Siyasi oriyentasiyasını dəyişməyə vərdişkar olan Ermənistanın bugünkü siyasi rəhbərliyinin davranışları ona qarşı Kremlin münasibətində adekvat dəyişikliyə səbəb olmursa, bu, suallar doğurmaya bilməz. Müstəqillik, qonşuları ilə bərabərhüquqlu və səmimi siyasət yoluna sadiq qalan cəmiyyətimizin məntiqli cavab tapa bilmədiyi suallardan biri də elə budur.

Prezident cənab İlham Əliyevin dünya birliyinə, həmsədrlərə, xüsusən Ermənistana verdiyi ən önəmli mesajlardan biri də bu idi ki, Azərbaycan müstəqil və suveren dövlət siyasətindən heç vaxt imtina etməyəcək. Dövlət başçımız regionda marağı olan qonşu dövlətlərə, ilk növbədə, Ermənistana ehtiyat etmədən, narahat olmadan birgəyaşayışın mümkün olan sivil qaydasını da açıqladı: “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir