
Bakı. Trend:
Metan emissiyalarının azaldılması SOCAR üçün qısa və orta
müddətli perspektivdə əsas prioritet istiqamətlərdən biridir.
Trend xəbər
verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət
Abdullayev bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və
Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində
deyib.
Onun sözlərinə görə, SOCAR metan emissiyalarının idarə olunması
və azaldılması məsələsini bu sahədə əsas hədəf kimi müəyyənləşdirib
və son illərdə bu istiqamətə xüsusi diqqət yetirir.
“Hazırda metan emissiyalarının azaldılması üçün bir sıra alətlər
və metodologiyalar müəyyən etmişik. Bu metodologiyaların tətbiqi
isə yalnız müasir texnologiyaların köməyi ilə mümkündür. Bu
baxımdan, neft-qaz sənayesinə texnoloji həllər təqdim edən
şirkətlərin rolu böyükdür”, – deyə o bildirib.
H.Abdullayev vurğulayıb ki, qaz sızmalarının aşkarlanması və
aradan qaldırılması (Leak Detection and Repair – LDAR) üzrə
tədbirlər metan emissiyalarının azaldılmasında ən effektiv və
sürətli nəticə verən istiqamətlərdən biridir.
“Bu sahədə görülən tədbirlər adətən daha sadə olur və bir çox
hallarda həm əməliyyat, həm də kommersiya baxımından səmərəli hesab
edilir”, – deyə o qeyd edib.
SOCAR rəsmisinin sözlərinə görə, şirkət üçün hazırkı mərhələdə
əsas diqqət mövcud texnologiyalardan istifadə etməklə metan
emissiyalarının azaldılmasına yönəlib və bu istiqamətdə artıq
genişmiqyaslı işlər həyata keçirilir.
H.Abdullayev əlavə edib ki, istənilən texnologiyanın tətbiqindən
əvvəl emissiyalarla bağlı məlumatların keyfiyyətinin artırılması
xüsusi əhəmiyyət daşıyır.
“Bu, ölçmələrin aparılması, monitorinqlərin təşkili, süni
intellekt alətlərinin tətbiqi və məlumatların dəqiqləşdirilməsini
əhatə edir. Ölçmə və verifikasiya prosesləri tamamlandıqdan sonra
metan emissiyalarının azaldılmasına yönəlmiş hədəfli tədbirlərin
həyata keçirilməsi mümkün olur”, – deyə o bildirib.

