
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan
şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə may ayı
ərzində 17 yeni sakin qəbul edilib.
Bu barəd Trend-in sorğusuna cavab olaraq Sosial Xidmətlər
Agentliyindən məlumat verilib.
Bildirilib ki, çətin həyat şəraiti ilə qarşılaşan hər bir
vətəndaş müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə
yararlana bilər:
“Hazırda isə müəssisənin müxtəlif şöbələrində ümumilikdə 58
nəfərə xidmət göstərilir. İlkin olaraq müəssisəyə qəbul edilən
şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir
sakin üçün fərdi plan hazırlanır. Sakinlər 6 ay (180 gün) ərzində
sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və
sosial-iqtisadi xidmətlərə cəlb olunurlar və bu müddətdə günlük
olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin
edilirlər. Burada sakinlərin məşğulluqlarının təminatı
istiqamətində işlər görülür və cəmiyyətə reinteqrasiyasına dəstək
göstərilir”, – məlumatda bildirilib.
Qeyd edək ki, müəssisəyə qəbul şəxsin özünün və ya qanuni
nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra
hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında
Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə
aparılır.

