Qlobal enerji gündəmi Bakı Enerji Həftəsində formalaşır – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Malik olduğu təbii resurslardan səmərəli istifadə edərək
iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə ölkələri
və xalqları bir araya gətirən Azərbaycan etibarlı tərəfdaş kimi
mövqeyini günbəgün möhkəmləndirir, dünyanın enerji
təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Müasir
müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər
Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən ənənəvi olaraq
keçirilən Beynəlxalq Neft-Qaz sərgiləri Azərbaycanın enerji
sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol
oynayır.

Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq,
beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm
platforma kimi çıxış edir. Enerji diplomatiyasının inkişafına,
strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində
ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk
milli sərgi brendimiz kimi tarixə düşüb. Hazırda sözügedən tədbir
ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək
enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt
texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də
birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib. İyunun 1-də
start götürən Bakı Enerji Həftəsində dünyanın 44 ölkəsindən 274
şirkət iştirak edir. Bu il sərgi iştirakçılarının 35 faizini yeni
şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna
beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının
təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli
müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq
əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha
nümayiş etdirir. Bakı Enerji Həftəsinin daimi iştirakçıları olan
sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir.
Ənənəvi olaraq onların bir çoxu enerji sektorunun inkişafına
töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər. Dövlət
başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində
iştirakı bir daha tədbirin yüksək beynəlxalq statusunu və
əhəmiyyətini nümayiş etdirir. Bakı Enerji Həftəsi artıq yeni
yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu
bir forum kimi tanınır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə
Trend
açıqlamasında bildirib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Prezident İlham
Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində
keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil
and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian
Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində
iştirak etdi. Rəsmi açılış mərasimindəki çıxışında “Xəzər Neft və
Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu”
söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, zaman keçdikcə o,
dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl
mərasimlərin keçirildiyi Bakı Enerji Həftəsi adlanır. Prezident
İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, dünya qazıntı
yanacağı olmadan yaşaya bilməz. Hamımız planeti xilas etmək üçün
daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir
mühitdə yaşamaq istəyirik. Amma bu gün biz çox praqmatik olmalı və
realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə
əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə
investisiya qoymalıyıq. Günümüzün ən iddialı enerji infrastruktur
layihələrindən biri olan Cənub Qaz Dəhlizindən geniş bəhs edən
Prezident İlham Əliyev vurğuladı ki, bu gün bu layihə sayı artmaqda
olan ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Avropa
enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür
etmək çətindir. Biz sayı artmaqda olan ölkələri qazla təchiz
edirik. Keçən il Bakı Enerji Həftəsində Azərbaycan qazını 12
ölkənin aldığı qeyd edilirdisə, bu gün onların sayı 16-dır və
onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Ölkələrin
sayının artacağını əminliklə söyləyən Prezident vurğuladı ki, boru
xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya
kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik.
Biz qaz təchizatımızı artıracağıq. Düzgün enerji siyasəti bizə
Azərbaycandan xaricə sərmayə yatırmağa imkan verdi. Otuz il bundan
əvvəl biz investorları cəlb edirdik. İndi isə öz
investisiyalarımızla xaricə çıxırıq. Bu gün Dövlət Neft Şirkəti –
SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyaya investisiya yatırır və
bu coğrafiya daha da genişlənəcək.

Vüqar Rəhimzadə vurğulyıb ki, ildən-ilə tədbir iştirakçılarının
say tərkibində artım bir daha təsdiqləyir ki, Bakı Enerji Həftəsi
enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal
şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən
nüfuzlu platformalarından birinə çevrilib. Hər bir tədbir əhatə
etdiyi məsələyə uyğun olaraq keçilən yolun təhlilini bir zərurət
kimi qarşıya qoyur. Azərbaycan hər zaman malik olduğu enerji
resursları, coğrafi mövqeyi ilə dünyanın diqqətində olub. Öz təbii
sərvətlərinin əsl sahibinə çevrilmək xalqımızın ən böyük arzusu
idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonrakı mərhələ yeni neft
strategiyasının hazırlanması və uğurla həyata keçirilməsi ilə
xarakterizə olunur. 1994-ci ildə “Əsrin müqaviləsi”nin imzalanması
ilə Azərbaycanın bugünkü və gələcək inkişafının əsası qoyuldu.
Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi.
Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi hazırda 350
milyard dollardan artıqdır. Bu reallığı da qeyd etmək lazımdır ki,
müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi
durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında
maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdu. Onlar
yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin
deyildilər. Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş
siyasəti nəticəsində bu tərəddüdlərin aradan qaldırılması təmin
edildi. Ulu Öndər “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya
təcrübəsinə əsasən bu çağırışı səsləndirmişdi ki, heç bir ölkə
səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına
iqtisadi tərəqqiyə nail ola bilməz. Bu sazişin imzalanmasından öncə
neft-qaz sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu enerji
imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı
İlham Əliyev çıxışında da qeyd etdi ki, Azərbaycanın enerji
inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq,
keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik.
Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit
idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi.
Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam
başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz
yox idi. Elektrik enerjisini, hətta təbii qazı idxal edirdik.
Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş
yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim
üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi.
Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft
şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr
oldu.




Millət vəkili bildirib ki, Ümummilli Liderin uzaqgörən
siyasətinin nəticəsi olaraq 1999-cu ildə Dövlət Neft Fondu
yaradıldı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın
qorunması üçün atılan bu mühüm addım Azərbaycanın uğurlu
gələcəyinə, ölkəmizin daha da güclənməsinə, insanların sosial
müdafiəsinin gücləndirilməsinə xidmət etdi. Hazırda burada toplanan
vəsaitin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir
ki, bunlar da ölkəmizin hərtərəfli inkişafını daha da
sürətləndirir. Dövlət başçısı İlham Əliyev çıxışında bu məqamlara
diqqəti yönəltdi. Qeyd etdi ki, biz ehtiyatlarımızı Dövlət Neft
Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici
borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim
təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi.
Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən
vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox
praqmatik siyasət həyata keçirtdik və işimizə müdaxilə etmək, bizə
pis məsləhət vermək istəyənlərə qulaq asmadıq. Biz hər bir işi
strategiyamız əsasında etdik. Bütün taktiki gedişlərimiz həmin
strategiyaya əsaslanırdı. “Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti
çox müsbətdir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, aparıcı
beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır.
Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz
var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni
rəqəm səviyyəsindədir. Xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda
bildik. Başlanğıcda borc götürmək məcburiyyətində idik, lakin sonra
strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu
ki, istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu
gün xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o,
təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.

Vüqar Rəhimzadə Azərbaycanın Avrasiyanın vacib nəqliyyat
qoşaqlarının birinə çevrildiyini xüsusi vurğulayıb. Bildirib ki,
Prezident İlham Əliyev çıxışında diqqəti Azərbaycan dövlətinin
dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr
sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri
bir-biri ilə əlaqələndirməsinə yönəltdi. Dövlət başçısı bildirdi
ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şərq-Qərb
dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək. Bu
reallıq xüsusi qeyd edildi ki, bütün bu nailiyyətlər
yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur.
Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya
okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı
ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti
yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil,
qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız.
Biz buna nail olmuşuq.

Millət vəkili bu gün dünyaya səs salan tarixi Zəfərimizdə də
iqtisadi amilin xüsusi rola malik olduğunu bildirib. Qeyd edib ki,
rəşadətli ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi,
qüdrətinin artırılması üçün iqtisadi imkanlar əsasdır. Dövlət
başçısı İlham Əliyev sözügedən çıxışında bu reallığa da diqqəti
yönəldərək bildirdi ki, 30 il ərzində işğal altında qalmış
torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində
Ermənistanı tamamilə məğlub və kapitulyasiya aktını imzalamağa
məcbur etdik. Əlbəttə, müharibədə qələbə dedikdə, sadəcə, pul və
hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir:
“Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz olmasaydı,
yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı.
Beləliklə, Azərbaycanın inkişafı, – istər sosial, iqtisadi, hərbi,
istərsə də xarici siyasət olsun, – bütün bunlar onu nümayiş etdirir
ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox
üstünlüklərə yol aça bilər.”

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın enerji siyasəti
uğurlarımızın davamlılığını şərtləndirir. Hər il ənənəvi olaraq
keçirilən Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlara yol açır.
İmzalanan sənədlər yeni tərəfdaşların, dostların qazanılmasını
şərtləndirir. Prezident İlham Əliyev bir daha bu əminliyi ifadə
etdi ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və
nəticəyönümlü planlar hamımız üçün faydalı olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir