
Bakı. Trend:
Həcc ziyarətinin son mərhələsi çərçivəsində iyunun 3-ü, 4-ü və
6-da hər biri 360 nəfərdən ibarət zəvvar qrupları Məkkədən Mədinəyə
yola düşəcək.
Bu barədə Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi
(QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem
rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, son qrup iyunun 6-da Məkkədən Mədinəyə
hərəkət edəcək:
“Zəvvarlar Mədinədə üç gün qalacaqlar. Bu müddətdə onlar
Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət
edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı
gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub.
İlk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında
həyata keçiriləcək. İyunun 7-si və 9-da isə zəvvarlar səhər və
axşam reysləri ilə ziyarətlərini başa vuraraq Azərbaycana
qayıdacaqlar”, – o qeyd edib.

