
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 4-də
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin
mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Şuranın iclasının əhəmiyyəti vurğulanıb, tədbirin TDT-yə
üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın
gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun
artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq
maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla
inkişaf etdiyi məmnunluqla qeyd olunub. Cari ildə Azərbaycanın
TDT-yə sədrliyi çərçivəsində iqtisadi, ticarət, investisiya,
nəqliyyat, enerji, maliyyə, humanitar və digər sahələrdə əlaqələrin
daha da genişləndirilməsinə xüsusi diqqət yetirildiyi
vurğulanıb.
Azərbaycanda maliyyə-bank sektorunun modernləşdirilməsi
məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə
xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması
və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə
olunan nəticələr barədə söhbət açılıb.
Görüşdə həmçinin TDT çərçivəsində maliyyə-bank sahəsində
əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

