Niderland Baş nazirinin Azərbaycana səfəri üzrə hazırlıq aparılır – Səfir (ÖZƏL)

Baş səhifə

Gəncə. Trend:

Niderland Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığın
genişləndirilməsində maraqlıdır. Bu xüsusda Niderlandın Baş naziri
və xarici işlər naziri Azərbaycana səfəri ilə bağlı hazırlıqlar
davam edir.

Bunu Niderland Krallığının Azərbaycandakı səfiri Mariann de Yon
Gəncəyə səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.

Səfir bildirib ki, o, Niderlandın Azərbaycandakı yeni səfiri
kimi təxminən 10 aydır ölkədə fəaliyyət göstərir və bu müddətdə iki
ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu müşahidə
edib.

Onun sözlərinə görə, Niderland Azərbaycanla həm siyasi, həm də
iqtisadi sahələrdə əməkdaşlığın inkişafını dəstəkləyir. Diplomat
xüsusilə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin
irəliləməsini Avropa İttifaqı çərçivəsində müsbət
qiymətləndirdiklərini vurğulayıb:

“Bu proses regionda yeni əməkdaşlıq imkanları yaradır və
Niderland bu istiqamətdə yüksək səviyyəli səfərlərin həyata
keçirilməsini nəzərdən keçirir. Baş nazir və xarici işlər nazirinin
Azərbaycana səfəri ilə bağlı konkret tarixlər hələ müəyyən
edilməyib, lakin bu istiqamətdə hazırlıqlar davam edir”.

Mariann de Yon bildirib ki, iqtisadi əməkdaşlıq çərçivəsində su
idarəçiliyi, kənd təsərrüfatı, nəqliyyat bağlantıları və bərpa
olunan enerji sahələri prioritet istiqamətlərdəndir.

Səfir əlavə edib ki, yaxın vaxtlarda Niderlanddan nümayəndə
heyətləri, o cümlədən əlaqələndirmə üzrə xüsusi nümayəndələr
Azərbaycanda səfərdə olub və Orta Dəhliz çərçivəsində əməkdaşlıq
imkanları müzakirə edilib.

Onun sözlərinə görə, bərpa olunan enerji, xüsusilə külək
enerjisi və gələcəkdə yaşıl hidrogen sahəsində əməkdaşlıq
perspektivləri mövcuddur.

Diplomat qeyd edib ki, Niderland Rotterdam limanını Avropanın
əsas hidrogen mərkəzlərindən birinə çevirməyi planlaşdırır və bu
baxımdan Azərbaycanla əməkdaşlıq gələcəkdə mümkün istiqamətlərdən
biri ola bilər.

Səfir həmçinin Azərbaycanın hazırda 16 Avropa ölkəsini qazla
təmin etdiyini xatırladaraq, gələcəkdə bərpa olunan enerji ixracı
sahəsində də əməkdaşlığın genişlənə biləcəyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir