
Bakı. Trend:
İnsanları vahid qəliblə qiymətləndirmək doğru deyil. Məsələn,
buraxılış imtahanları da məhz bu prinsip əsasında aparılır.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Elm və təhsil naziri Emin
Əmrullayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq
düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı
kitabın təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, təhsil sistemində şagirdlər üçün kifayət
qədər fərqli seçim imkanları yoxdur və məhz bu seçimlərin
yaradılması istiqamətində işləmək lazımdır.
“Hüquq fənninin, dərslik kimi, ayrıca və standart bir formatda
tədris olunmasındansa, onun yaradıcı müəllimlər tərəfindən
interaktiv dərslər, layihələr və müzakirələr vasitəsilə
öyrədilməsini daha məqsədəuyğun hesab edirəm. Hüquq bilikləri
sadəcə dərs vəsaiti kimi deyil, həyat bacarığı kimi
mənimsənilməlidir.
Təxminən 18 il əvvəl informatika fənninin məktəblərdə tədrisi
ilə bağlı qərar qəbul edildi. Ancaq informatikanın keyfiyyətli
tədrisi üçün yalnız dərslik kifayət etmir. Bunun üçün hazırlıqlı
müəllimlər, texniki avadanlıq və uyğun infrastruktur da lazımdır.
Təəssüf ki, həmin dövrdə bu məsələlər lazımi səviyyədə nəzərə
alınmadı.
Bu gün hamıya hüquq savadı vermək istəyiriksə, əvvəlcə bir sıra
vacib suallara cavab tapmalıyıq: Bunun üçün hansı şərtlər
yaradılmalıdır? Nə qədər dərs vəsaiti hazırlanmalıdır? Neçə
müəllimə ehtiyac var? Şagirdlərin bilik və bacarıqları necə
qiymətləndiriləcək? Bu suallar cavablandırılmadan hər hansı yeni
fənnin məktəb proqramına daxil edilməsi düzgün yanaşma deyil”, –
nazir qeyd edib.

