İlham Əliyev: “Ermənistanda rejim dəyişsə də, faşist ideologiyası dəyişmədi”

Siyasət

Ermənistanda iki il bundan əvvəl rejim dəyişikliyi baş verib, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalıb.

Bunu BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib. 

“Ermənistanda insan hüquqları geniş şəkildə pozulur. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər despotik rejim tərəfindən həbs edilir. Ermənistanda faktiki olaraq diktatura qurulub.

Ölkənin iki sabiq prezidentinə qarşı cinayət işləri açılıb. Toxunulmazlığa sahib olmaqlarına baxmayaraq, parlament deputatları saxlanılır.

Erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdür. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının müşahidə edilməsindən ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox dırnaqarası qeyri-hökumət təşkilatlarına sponsorluq edən Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsi ola bilər”, – deyə İ.Əliyev bildirib.

Prezident qeyd edib ki, Ermənistanda siyasi münasibətlər böhran həddinə çatmıb.

“Ölkə 20 ildən artıq idi ki, səhra komandirləri tərəfindən idarə olunurdu. Hazırkı siyasi rəhbərlik isə əvvəlki rejimlərin təcrübəsini davam etdirir. Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaqdır.
Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Halbuki Ermənistanda koronavirusla bağlı vəziyyət çox acınacaqlıdır. Ermənistan bu təşəbbüsün əleyhinə yalnız onun Azərbaycan tərəfindən irəli sürüldüyünə görə çıxış etmişdir. Belə bir təşəbbüsə etiraz irrasional düşüncənin məhsuludur. Bu, Ermənistanda hökm sürən və hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiyanın növbəti təzahürüdür. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır”, – İ.Əliyev qeyd edib.

“Ermənistanın işğalının səbəb olduğu çətinliklərə baxmayaraq, Azərbaycan sabit, müasir, demokratik və multikultural dövlət yaratmağa müvəffəq olmuşdur. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Bir neçə ay əvvəl biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafına xidmət edəcək”, – dövlət başçısı vurğulayıb. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir