
Bakı. Trend:
Rusiya qazının qiyməti qalxarsa, Ermənistan Azərbaycan,
Türkmənistan və İrandan qaz almağa başlaya bilər.
Ermənistan mediası yazır ki, bu barədə Ermənistanın Dövlət
Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan
bildirib.
“Regionda Rusiya qazına Azərbaycan, Türkmənistan və ya İran qazı
kimi alternativlər var. Təbii ki, qaz satan və infrastrukturu bizə
onlardan qaz almağa imkan verən bütün mümkün ölkələrdən onu
alacağıq”, – deyə o bildirib.
Mesropyanın sözlərinə görə, Ermənistan üçün Rusiya qazının
qiyməti artsa belə, mövcud qaz tarifləri 2027-ci ilin əvvəllərinə
qədər qüvvədə qalacaq.
O qeyd edib ki, ölkənin elektrik enerjisinin təxminən 30-35%-i
istilik elektrik stansiyaları tərəfindən istehsal olunur, buna görə
də qaz qiymətlərində hər hansı əhəmiyyətli artım elektrik enerjisi
tariflərinə mənfi təsir göstərəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan da öz növbəsində Rusiya
qazının qiymətinin artırılmasını qeyri-mümkün hesab edir.
Onun sözlərinə görə, İrəvan və Moskvanın uzunmüddətli müqaviləsi
var və tərəflərdən hər hansı birinin onun şərtlərini yerinə
yetirməkdən imtina etməsi “müqavilədən kənar davranış” hesab
ediləcək. O, həmçinin vurğulayıb ki, Ermənistan hakimiyyəti Rusiya
qazının qiymətinin artması halında bütün mümkün ssenariləri
nəzərdən keçirir.

