Ermənistan ordusu silahlandıqca öz daxili təhlükəsizliyini təmin etməyin fövqündə dayanan işğalçılıq strategiyası ilə sərhədə və Qarabağ cəbhəsinə cəmlənir.
Onu Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələri müşayiət edir.
Ermənistan özünün hərbi avantürasında muzdlulara da arxalanır, Azərbaycanın işğal altındakı ərazilərinə məskunlaşdırma adı altında muzdluları yerləşdirir. Belə hal birinci deyil.
Ermənistan ASALA terrorçularını və Livanda vətəndaş müharibəsində böyük təcrübə qazanmış “Arabo” quldur dəstəsini birinci Qarabağ müharibəsinə cəlb etmişdi.
Qanunsuz məskunlaşdırma danışıqlara zərbədir
Bu siyasət indi də davam edir, Ermənistan Livandan, Suriyadan olan erməniləri, PKK terroçularını Dağlıq Qarabağa və ona bitişik yeddi rayona toplayır.
Bu, Ermənistanın danışıqlar prosesini növbəti istiqamətdən zərbə altına almasıdır.
Beynəlxalq Böhran Qrupu hesab edir ki, danışıqlar üçün şəraitin yaranması üçün ilk şərtlərdən biri Ermənistanın Dağlıq Qarabağdakı separatçı rəhbərlik məskunlaşma planını müvəqqəti olaraq dayandırmalıdır.
İkincisi isə ermənilərin qanunsuz olaraq Qarabağ bölgəsində süni məksunlaşdırılmasının hüquqi əsası yoxdur, Azərbaycan isə tarixi gerçəkliklərə və hüquqa əsaslan portfellərlə danışıqlarda iştirak edir.
Faktaraşdırıcılar “faktsız” qalıb
Ermənistanın silahlandırılmış mülki könüllüləri ilə paralel olaraq muzdluların Qarabağa gətirilməsi növbəti hərbi təcavüz aktının reallaşa bilmək ehtimallarını gücləndirir. Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağdakı separatçı liderlərin Azərbaycana qarşı hədə dolu bəyanatlarının arxasında həm də muzdlulara güvənmək məsələsi dayanır.
Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı deyib ki, Ermənistan müxtəlif ölkələrdən olan muzdluları, terrorçuları cəlb edir və onları Azərbaycana qarşı istifadə edir.
“Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. Erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var”,-deyə İlham Əliyev əlavə edib.
Bu kontekstdə ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunmasının zəruriliyi də gündəmə gəlir. Lakin faktaraşdırıcı missiya nədənsə biganə münasibət sərgiləyir.
Faktaraşdırcı missiya 2005-ci il yanvarın 30-dan fevralın 5-dək işğal altında olan ərazilərdə müşahidələr aparıb.
Müşahidələr əsasında hazırlanan hesabatdakı rəqəmlərlə Azərbaycanda olan rəqəmlər demək olar ki, üst-üstə düşüb.
Həmin dövrün məlumatlarına əsasən, işğal olunmuş ərazilərdə 20 mindən 23 minədək adam yerləşdirilib. Missiyanın ümumi göstərcisi isə 17000 nəfərdən artıq idi.
O dövrdən bu yana isə qeyri-qanuni məskunlaşdırmanın arealı kiçilmək və ya aradan qalxmaq əvəzinə daha da genişlənir. Ermənistanın hərbi avantürasında süni məskunlaşdırma mühüm çəkiyə malikdir.
Obrazları rəngləmək cəhdləri
Ermənistan Qarabağa gətirilən ermənilərin hərbi obrazını isə kamuflyaj etməyə cəhd göstərir. Lakin reallıq tam başqadır.
Ailəsi ilə birlikdə Qubadlı rayonunun Xanlıq kəndinə köçürülən Xraç Gevorq Suriyada hərbi xidmətda olan keçmiş hərbçidir.
Ermənistan mənbələrində olan məlumatlara əsasən, Gevorq təlimlərə cəlb olunur və işğalçı orduya Suriyadakı vətəndaş müharibəsində terror təşkilatlarında qazandığı təcrübəni öyrədir.
Ermənistanın ordusunun təlimlərinə qatılanlardan biri də Avetis Sonoyandır, o da Suriyadakı vətəndaş müharibəsində böyük təcrübə toplayıb.
Ermənistanın illərdir qeyri-qanuni məskunlaşdırma siyasəti keçirməsində məqsədi baş verə biləcək müharibədə maksimum şəkildə insan resurslarından yararlanmaqdır.
Ermənistana diplomatik sillə lazımdır
Görünən budur ki, Ermənistan bərpası diplomatik sferada sarsıdıcı zərbələr almayınca, sülhə məcbur edilməyincə öz provokasiyalarından əl çəkməyəcək.
Ermənistana sarsıdıcı zərbələri həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri (ABŞ, Rusiya və Fransa) vurmalıdır.
Həmsədrlər faktaraşdırıcı missiyadan fərqli olaraq bölgəyə tez-tez gəlib-gedirlər, amma bu, kəmiyyət göstəricisindən o tərəfə keçmir.
Düzdür, hər üç ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir.
Ancaq bunun yedəyində Azərbaycanla işğalçı Ermənistanı tərəzinin eyni gözünə qoyulmasıdır. Bu isə Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış status-kvonun ömrünün uzanmasına xidmət edir.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Ermənistanın məqsədi işğal ilə bağlı cari status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır:
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ Prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan tərəfi həmin bəyanatları alqışlayır, lakin bəyanatlar kifayət etmir. Real addımlara ehtiyac var”,-deyə Prezident həmsədrlərə çağırış edib.
Ermənistan cəbhəyə qüvvələr cəmləşdirir, amma deyəsən bunun məsuliyyətini dərk etmir. İrəvan və beynəlxalq təşkilatlar, dünyanın siyasi çarxını döndürən güclər anlamalıdırlar ki, bundan sonra baş verəcəklərin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Azərbaycanın gücü və potensialı bütün təxribatları qarşılamağa və adekvat cavab zərbələri endirməyə çatır. Bu zaman isə Azərbaycana münasibətdə beynəlxalq normaları xatırlatmaq gec olacaq.
Aqşin Kərimov