Təhsil müəssisələrinə hücumlar 40% artıb – Araşdırma

Baş səhifə

Bakı. Trend:

Yeni araşdırmaya görə, 2024–2025-ci illərdə dünyada təhsil
müəssisələrinə qarşı hücumlar 40% artaraq 8 556-dan çox hadisəyə
çatıb.

Xarici media yazır ki, nəticədə 10 600-dən çox şagird, tələbə və
müəllim öldürülüb, yaralanıb, qaçırılıb, həbs olunub və ya digər
formalarda zərər görüb.

Hücumlar 83 ölkədə qeydə alınıb. Ən çox hadisə Kolumbiya, Konqo
Demokratik Respublikası, Efiopiya, Haiti, Fələstin və Ukraynada baş
verib.

Təhsili Hücumlardan Qorumaq üzrə Qlobal Koalisiyanın (GCPEA)
hesabatına əsasən, Ukraynada məktəblərə təxminən 900, Fələstində
isə şagird və təhsil işçilərinə qarşı ən azı 2 400 hücum qeydə
alınıb. Araşdırmada həmçinin qeyd olunur ki, hərbi qüvvələr və
silahlı qruplar tərəfindən məktəb və universitetlərin istifadəsi
halları əvvəlki iki illə müqayisədə 91% artaraq 1 912-ə
yüksəlib.




Təhsilə hücumların qurbanları ən çox Myanma, Nigeriya, Yəmən və
Kamerunda qeydə alınıb. Bu ölkələrdə ümumilikdə 1 700-dən çox
şagird, tələbə və müəllim həlak olub və ya yaralanıb. Nigeriyada
700-dən çox təhsil iştirakçısının qaçırıldığı, Myanmada isə ən azı
80 nəfərin öldürüldüyü və təxminən 240 nəfərin yaralandığı
bildirilir.

Hesabatda ən azı 11 ölkədə qadın və qızların cinsiyyətlərinə
görə hədəfə alındığı vurğulanır. Belə ki, 17 noyabr 2025-ci ildə
Nigeriyada silahlı şəxslər qızlar internat məktəbinə hücum edərək
direktor müavinini öldürüb, 25 şagirdi qaçırıblar.

Araşdırmada əlilliyi olan uşaqların da hücumlardan zərər gördüyü
qeyd olunur. Məlumata görə, 11 sentyabr 2025-ci ildə Livanda xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş məktəb
nəzarətli partlayış nəticəsində dağıdılıb.

Hesabat müəllifləri bildirirlər ki, təhsil müəssisələrinə
hücumlarda yüksək partlayıcı silahlardan, o cümlədən pilotsuz uçuş
aparatları vasitəsilə istifadə olunan sursatlardan geniş istifadə
edilir. Bu isə insan tələfatına, infrastrukturun dağıdılmasına və
çoxsaylı məktəblərin fəaliyyətinin dayanmasına səbəb olur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir