
Ağcabədi. Trend:
2030-cu ilədək müasir suvarma sahələrinin 300 min hektara
çatdırılması planlaşdırılır.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin
müavini Zaur Əliyev Ağcabədi rayonunda “Azərbaycan Respublikasında
kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı
və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət
Proqramı”nın müzakirəsinə həsr olunmuş Qarabağ iqtisadi rayonu üzrə
regional müşavirədə deyib.
Zaur Əliyevin sözlərinə görə, proqram çərçivəsində buğda
istehsalının artırılması, müasir suvarma sistemlərinin
genişləndirilməsi, intensiv bağçılığın və heyvandarlığın inkişafı
əsas prioritetlər kimi müəyyən olunub.
Nazir müavini bildirib ki, buğda istehsalı üzrə 22 rayon hədəf
rayon kimi seçilib və həmin ərazilərdə orta məhsuldarlığın 50
sentnerə çatdırılması nəzərdə tutulur. Bundan əlavə, 8 perspektiv
rayonda meliorativ tədbirlər hesabına məhsuldarlığın artırılması
planlaşdırılır.
O qeyd edib ki, hazırda ölkədə müasir suvarma sistemləri ilə
təmin olunan sahələrin həcmi 130 min hektar təşkil edir. Dövlət
Proqramına əsasən, 2030-cu ilədək bu göstəricinin 300 min hektara
çatdırılması nəzərdə tutulur.
“Fermerlərin müasir suvarma sistemlərinə keçidini sürətləndirmək
məqsədilə güzəştli satış, kredit dəstəyi və əlavə subsidiya
mexanizmləri tətbiq ediləcək.
Proqram çərçivəsində 22 rayonda 84,9 min hektar sahədə lazer
hamarlama texnologiyasının tətbiqi planlaşdırılır. Bundan başqa,
150 min ton əlavə taxıl silosu və 100 min ton əlavə soyuducu anbar
tutumunun yaradılması üçün dəstək mexanizmləri hazırlanacaq”.
Onun sözlərinə görə, heyvandarlıq sektorunda da mühüm hədəflər
müəyyən olunub. Belə ki, 2030-cu ilədək süd istehsalının 10 faiz,
mal əti istehsalının isə 20 faizdən çox artırılması, cins
heyvanların sürüdə payının əhəmiyyətli dərəcədə yüksəldilməsi
nəzərdə tutulur.
“Dövlət Proqramının əsas məqsədi mövcud torpaq və su
resurslarından daha səmərəli istifadə etməklə aqrar sektorda
məhsuldarlığı, əlavə dəyəri və rəqabət qabiliyyətini
artırmaqdır”,-deyə o əlavə edib.

