
Bakı. Trend
Güclü rəqəmsal ictimai infrastruktur süni intellektin
inkişafının əsasını təşkil edir və Azərbaycan son beş ildə bu
istiqamətdə əhəmiyyətli irəliləyiş əldə edib.
Trend-in tədbirdən
olan müxbirinin məlumatına görə, bunu Azərbaycanın rəqəmsal inkişaf
və nəqliyyat nazirinin müavini Saməddin Əsədov İslam İnkişaf Bankı
Qrupunun Özəl Sektor üzrə 14-cü Forumu çərçivəsində bildirib.
“Məsələ artıq ölkələrin süni intellekti tətbiq edib-etməməsində
deyil, bunu praktik, inklüziv, təhlükəsiz və iqtisadi baxımdan
faydalı şəkildə necə etməsindədir. Azərbaycanda süni intellekt
rəqəmsal transformasiyanın, bilik və innovasiyalara əsaslanan
iqtisadiyyata keçidin ayrılmaz hissəsi kimi nəzərdən keçirilir. Bu
istiqamət Rəqəmsal İnkişaf Konsepsiyasında, 2025–2028-ci illər üzrə
Süni İntellekt Strategiyasında və 2026–2028-ci illər üzrə rəqəmsal
inkişafın sürətləndirilməsi üzrə Tədbirlər Planında təsbit olunub.
Süni intellektin inkişafının əsasını güclü rəqəmsal ictimai
infrastruktur təşkil edir. Son beş ildə Azərbaycan bu istiqamətdə
real irəliləyiş əldə edib. mygov mobil platforması vətəndaşlara və
biznesə yüzlərlə dövlət rəqəmsal xidmətini vahid tətbiq üzərindən
təqdim edir”, — deyə o bildirib.
S.Əsədov qeyd edib ki, rəqəmsal identifikasiya və elektron imza
platforması olan SİMA-dan artıq Azərbaycan əhalisinin yarıdan çoxu
həm dövlət, həm də özəl sektorda istifadə edir.
“Online Azerbaijan layihəsi çərçivəsində ölkənin bütün ərazisi
genişzolaqlı internetlə təmin edilib. Azərbaycan regionda mis
infrastrukturundan tam imtina edən ilk ölkələrdən biri və
genişzolaqlı rabitənin hər bir ev təsərrüfatı və yaşayış məntəqəsi
üçün əlçatan olduğu ilk ölkə olub. Bu platformalar süni intellektin
gələcək tətbiqi üçün əsas yaradır. Süni intellekt real faydanı
yalnız etibarlı məlumatlara, təhlükəsiz rəqəmsal identifikasiyaya,
qarşılıqlı uyğun sistemlərə və vətəndaşlara yönəlmiş xidmətlərə
əsaslandıqda gətirir”, — deyə nazir müavini qeyd edib.
S.Əsədov bildirib ki, ölkədə milli süni intellekt ekosisteminin
inkişafı üzrə konkret addımlar atılır. Buraya Milli Süni İntellekt
Mərkəzinin yaradılması, dövlət sektorunda süni intellekt
xidmətlərinin genişləndirilməsi və süni intellekt üçün tənzimləyici
“sandbox”un işə salınması daxildir.
Nazir müavininin sözlərinə görə, bu təşəbbüslərin məqsədi süni
intellektin tətbiqi və məsuliyyətli istifadəsi sahəsində milli
potensialın formalaşdırılmasıdır.

