“Rəqəmsal transformasiya KOB-ların gələcəyini müəyyənləşdirir” –

Baş səhifə

“Türkiyədə təşkil olunmuş sənaye zonaları və texnoparklar KOB-ların, startapların və təchizatçıların bir araya gəlməsində, eləcə də onların iri sənaye müəssisələri ilə əməkdaşlığının genişləndirilməsində mühüm rol oynayır”.

Metbuat.az xəbər verir ki, bunu KOSGEB sədrinin müavini Fatih Göktürk İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il Özəl Sektor Forumu çərçivəsində keçirilən “KOB-ların regional dəyər və təchizat zəncirlərinə qoşulması: ticarət maneələrinin azaldılması, sifarişlərin icrasının təmin edilməsi və KOB-ların maliyyələşdirilməsi” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

Fatih Göktürk bildirib ki, Türkiyədə yaradılan sənaye klasterləri KOB-ların təchizat zəncirlərinə inteqrasiyası baxımından mühüm platforma rolunu oynayır.

Onun sözlərinə görə, Bursa və Kocaelidə formalaşan avtomobil klasterləri çoxsaylı KOB-ların avtomobil sənayesinin təchizat zəncirinə qoşulmasına şərait yaradıb. Ankaradakı OSTİM təşkil olunmuş sənaye zonasında isə müdafiə sənayesi, səhiyyə, tekstil və maşınqayırma sahələrində fəaliyyət göstərən klasterlər KOB-lar üçün geniş əməkdaşlıq imkanları açır.

KOSGEB rəsmisi qeyd edib ki, KOB-ların regional və qlobal bazarlara çıxışında ixrac dəstəkləri, kredit və zəmanət mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Türkiyənin Ticarət Nazirliyi, Eximbank və İxracın İnkişafı Korporasiyası KOB-lara mühüm maliyyə alətləri təqdim edir.

Fatih Göktürk İslam maliyyəsinin də KOB-ların maliyyələşməsində artan rol oynadığını diqqətə çatdırıb:

“Türkiyədə iştirak banklarının KOB maliyyələşməsində payı ənənəvi banklarla müqayisədə daha yüksəkdir. Bu da KOB-ların maliyyə resurslarına çıxışında alternativ maliyyə mexanizmlərinin əhəmiyyətini göstərir”.

O vurğulayıb ki, rəqəmsal transformasiya KOB-ların beynəlxalq təchizat zəncirlərinə inteqrasiyasında əsas amillərdən biridir. KOSGEB bu istiqamətdə maliyyələşmə, potensialın artırılması və sahibkarlıq ekosisteminin genişləndirilməsi üzrə fəaliyyətini davam etdirir:

“Biz Dünya Bankı, EBRD, JICA və Avropa İnvestisiya Fondu ilə əməkdaşlıq edirik. Eyni zamanda Avropa Müəssisələr Şəbəkəsinin milli koordinatoru kimi mentorluq, B2B görüşləri və beynəlxalq tərəfdaşlıq imkanları vasitəsilə KOB-ların qlobal biznes əlaqələrinin qurulmasına dəstək göstəririk”, – deyə Fatih Göktürk əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir