Kamaləddin Qafarov: “Xalqımızın işi- haqq işidir, biz qalib gələcəyik!”

Gündəm

“ Dünən səhəri xoş bir xəbərlə açdıq:Azərbayca Ordusu mənfur düşmənin illər boyu davam edən çoxsaylı təxribatlarına cavab olaraq, cəbhə boyu əks-həmləyə keçib. Düşmən bu gözlənilməz həmlədən başını itirərək Ermənistana qaçır. Artıq bir neçə istiqamətdə 7 kəndimiz, Murov yüksəkliyi düşməndən azad edilib. Ordumuzun zəfər yürüşü davam edir”. Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov söyləmişdir.

O, qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələrinin doyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilib sıradan çıxarılır və onların hərəkət trayektoriyası daim nəzarət altındadır.

K.Qafarov bildirmişdir ki, 27 sentyabrda cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Həmin gün səhərə yaxın Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinin atəşə tutulması Azərbaycan ordusunun səbr kasasını dolduran amillər olmuşlar.

Millət vəkilinin fikrincə, hadisələrin gedişi onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq. 27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır.

Lakin mənfur düşmənin niyyəti ürəyində qalmışdır. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verir.

Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin əsas səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir. Orduya könüllü kimi yazılanların sayının dayanmadan artması vətənpərvərliklə yanaşı, həm də haqq işimizə, orduya olan inamdan irəli gəlir.

K.Qafarov vurğulamışdır ki, ölkə başçısı tərəfindən ordu quruculuğuna göstərilən diqqət, ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir. Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstəricisidir. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq.

27 sentyabr hadisələri bir daha sübut etdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks- hücum əməliyyatlarını həyata keçirir və nəhayət ki, xalqımızın 30 ildir ki, səbirsizliklə gözlədiyi Qələbə günü yaxındadır!

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir