
Bakı. Trend:
Müəllimlərin işə qəbulun mərkəzləşdirilmə məqsədi şəffaflıq və
rüşvətlə mübarizədir
Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq
İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və “Xəzər TV”
televiziya kanalına birgə müsahibəsində bildirib.
Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulunun
mərkəzləşdirilməsi artıq 2012-ci ildən tətbiq edilir və bu addım
daha yaxşı müəllim seçməkdən çox, prosesi şəffaflaşdırmaq və
rüşvətlə mübarizə aparmaq məqsədilə atılıb:
“Müəllimlərin işə qəbul prosesinin mərkəzləşdirilməsi ilə
prosesin şəffaflığına nail olmuşuq. Müəllimləri işə qəbul edərkən
hamıya eyni sualları veririk və həmin suallara ən çox düzgün cavab
verən şəxsə birinci seçim hüququnu tanıyırıq. Bu proses tamamilə
mərkəzləşdirilməmiş qaydada həyata keçirilə bilərmi? Məsələn,
qiymətləndirməni nazirlik keçirir, amma müəssisə rəhbəri özü qərar
verir ki, imtahandan keçmiş üç müəllimdən balı ən yüksək olmayanı,
lakin öz fikrincə ən uyğun hesab etdiyi namizədi işə götürsün.
Dünyada bu, demək olar ki, belə baş verir.
Burada bir neçə sual yaranır. Birincisi, müəssisə rəhbəri bunu
düzgün və obyektiv şəkildə həyata keçirə biləcəkmi? Mən müəssisə
rəhbəri deyəndə bizim kontekstdə təxminən dörd min nəfəri nəzərdə
tuturam. Biz həmin insanlara inanırıq. Bəs cəmiyyət onlara
inanırmı? Cəmiyyət bunu istəyirmi? Nazirlik belə bir səlahiyyət
versə, həmin şəxslərin qərarları şəffaf hesab olunacaqmı?”
Nazir, həmçinin qeyd edib ki, bizim cəmiyyətin müsahibəyə inamı
çox aşağıdır:
“Agentlik rəhbəri ən yüksək nəticə göstərən deyil, özünün ən
uyğun bildiyi namizədi işə qəbul etsə, dərhal bunun ədalətsiz və
qeyri-şəffaf seçim olduğu düşünüləcək. Bizim cəmiyyətimiz hələ ki,
ən yüksək nəticə toplayanın işə qəbul olunmasına daha çox razıdır.
Qarşılıqlı inam və seçim edənin qərarına hörmət çox ciddi dəyər
transformasiyası tələb edir.
Biz hələ ki, bundan çox uzağıq. Bununla belə, məktəb
direktorlarını artıq müsahibə əsasında seçməyə başlamışıq. Çünki bu
yolu keçməliyik. Müsahibəyə kənardan müdaxilə olmamalıdır. Müsahibə
başlamamışdan əvvəl müxtəlif yollarla özünüzün daha yaxşı namizəd
olduğunuzu çatdırmağa çalışmamalısınız. Müsahibə aparan şəxs sizin
haqqınızda əvvəlcədən məlumat almamalıdır. Amma çox hallarda
insanlar hansısa yolla həmin vəzifəyə özlərini yerləşdirmək
cəhdləri göstərirlər. Bu tip dəyişikliklər insan davranışında
əsaslı dəyişiklik tələb edir”.

