İranın Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna əməl olunması ilə bağlı mövqeyi olduqca aydındır.
“Anadolu” agentliyi xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii Tehranda keçirdiyi mətbuat konfransı zamanı deyib. Onun sözlərinə görə, İran beynəlxalq hüquq və BMT qərarları çərçivəsində bu qanuni haqqı dəfələrlə vurğulayıb.
Ə.Rəbii qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı problemlər dinc yollarla həll olunmalıdır:
“İran, Türkiyə və Rusiya anlaşılmazlıqların sülh yolu ilə həll edilməsindən ötrü BMT qərarlarının yerinə yetirilməsi istiqamətində iki qonşu ölkəyə kömək edə bilərlər”.
“İki ölkənin bir-birilə danışması və problemləri həll etməsi çərçivəsindən kənar başqa həll yolunu tanımırıq və digər bütün seçimlərin bölgə xalqının maraqlarına xidmət etməyəcəyini düşünürük”, – deyə hökumət sözçüsü bildirib.