
Bakı. Trend:
Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti
Türkiyənin Ankara Universitetində işgüzar səfərdə olub.
ATU Mətbuat xidmətindən verilən məlumata görə, ikitərəfli
əməkdaşlığa əsaslanan səfər çərçivəsində universitetin
Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın
rəhbərlik etdiyi nümayəndə heyəti (fakültənin əməkdaşları – dosent
Şəhla Yusubova, dosent Hənifə Musayeva) ilə Ankara Universitetinin
(AU) rektoru, professor Necdet Ünüvar arasında görüş keçirilib.
ATU ilə əlaqələrin uğurlu inkişafına yönələn görüşdə nümayəndə
heyəti AU-nun Diş həkimliyi fakültəsində elmi – pedoqoji
fəaliyyətlə tanışlıqla bərabər, beynəlxalq stomatologiyanın aktual
problemləri, o cümlədən qlobal miqyasda bu sahədə ən son tibbi
texnologiyaların, elmi yeniliklər və beynəlxalq tədris
standartlarının tətbiqi və s. məsələlərlə bağlı fikir mübadiləsi
aparıb.
Görüşdən sonra ATU əməkdaşları fakültənin klinik bazası,
elmi-tədqiqat infrastrukturu, tədris prosesi ilə də yaxından tanış
olub.
Qeyd edək ki, universitetlər arasında səmərəli əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi və inkişafını tənzimləyən bir neçə
mühüm saziş və memorandum mövcuddur. Bu əməkdaşlıq çərçivəsində
gerçəkləşdirilən səfər Azərbaycan Tibb Universiteti ilə Ankara
Universiteti arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi
və gələcək birgə layihələrin həyata keçirilməsinə xidmət edir.

