
Bakı.Trend:
Son günlər bölgəyə yağan intensiv və leysan xarakterli yağışlar
nəticəsində Zaqatala şəhərinin içməli su təchizatını təmin edən
əsas su mənbələrində ciddi fəsadlar yaranıb
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, Zaqatalada sel səbəbindən içməli su təchizatı
müvəqqəti alternativ qaydada təşkil edilib.
“Şəhərin əsas içməli su mənbələrindən biri olan Zilbançay su
mənbəyində suyun bulanıqlığı normadan dəfələrlə yüksək olduğundan
mövcud durulducular suyun tələb olunan keyfiyyətdə təmizlənməsini
təmin edə bilmir. Bu səbəbdən bulanıq suyun istehlakçılara
verilməsinin qarşısını almaq məqsədilə həmin mənbədən anbara suyun
qəbulu müvəqqəti dayandırılıb”.
Qurumdan qeyd olunub ki, şəhərin digər əsas içməli su mənbəyi
olan Meşləş-Talaçay istiqamətində baş verən güclü sel nəticəsində
suqəbuledici qurğulara və digər infrastruktur obyektlərinə ciddi
ziyan dəyib: ” Sel suları filtrlərin qapaqlarını sıradan çıxarıb,
suqəbuledici quyulara və magistral su xətlərinə iri həcmdə daş, qum
və digər gətirmələr dolub. Hazırda əraziyə giriş mümkün
olmadığından həmin mənbədən anbara suyun ötürülməsi tamamilə
dayanıb”.
ADSEA-dan bildirilib ki, mövcud vəziyyətlə əlaqədar Zaqatala
şəhərinin içməli su təchizatı müvəqqəti olaraq alternativ qaydada
təşkil edilib: “Şəhər sakinlərinə əvvəlcədən hazırlanmış qrafik
əsasında xüsusi su maşınları vasitəsilə içməli su çatdırılır. Bu
məqsədlə Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin
və digər aidiyyəti qurumların xüsusi texnikaları gücləndirilmiş iş
rejimində fəaliyyət göstərərək əhalinin içməli su ilə təminatını
həyata keçirirlər.
Eyni zamanda idarənin əməkdaşları tərəfindən xəstə, ahıl,
əlilliyi olan və digər həssas kateqoriyalara aid vətəndaşların
yaşayış ünvanlarına içməli su birbaşa çatdırılır”,-deyə agentlikdən
əlavə edilib.
ASDEA-dan bildirilib ki, hazırda selin yaratdığı fəsadların
aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Əraziyə giriş mümkün olan kimi zədələnmiş suqəbuledici qurğuların
və digər infrastrukturun bərpasına dərhal başlanılacağı
bildirilib.
“Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi hazırda
gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Şəhərin içməli su
təchizatının ən qısa müddətdə tam bərpa olunması üçün bütün zəruri
texnika, canlı qüvvə və digər resurslar səfərbər olunub”,deyə
agentlikdən əlavə edilib.

