
Bakı.Trend:
Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və
dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda
beynəlxalq konfrans keçiriləcək.
Bu barədə Bakıda Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Bildirilib ki, müstəmləkə ərazilərini təmsil edən media
nümayəndələrinin iştirakı ilə Azərbaycanda təşkil olunan ilk belə
platforma olan konfrans həmin ərazilərdən olan jurnalistlərlə yerli
media nümayəndələri arasında interaktiv formada keçiriləcək.
Konfransda keçmiş və indiki müstəmləkə ərazilərini təmsil edən
media qurumlarının rəhbərləri və media nümayəndələri, jurnalistlər,
siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və
kommunikasiyalar üzrə ekspertlər, vətəndaş cəmiyyəti
institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar və dövlət
qurumlarının nümayəndələri və yerli medianı təmsil edən şəxslər
iştirak edəcək.
Konfransda neokolonial istismara məruz qalan və müstəmləkə
əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin
beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu
və qarşıda duran çağırışlar müzakirə olunacaq. Tədbirdə uzun illər
kölgədə saxlanılmış müstəmləkə həqiqətlərinin – ərazilərin iqtisadi
istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi,
sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə
Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin
demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına
dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması
məsələlərinə xüsusi diqqət yetiriləcək.
Konfrans çərçivəsində müstəmləkə ərazilərində yaradılan süni
informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və
Fake News – saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt
alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında
beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media
təşkilatları və yerli jurnalistlər arasında əməkdaşlığın
gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.
Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız
informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti
yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi
vurğulanacaq. Bu kontekstdə müstəmləkə cinayətlərinin
sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə
dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan
araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq
auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının
monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelup və
Martinikdə xlordekon pestisidinin yaratdığı fəsadların qlobal
gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə
Kanak, Maohi, Qvadelup, Martinik, Boneyra, Sint Martin və digər
müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq
müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında
beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması
istiqamətində praktiki təşəbbüslər müzakirə ediləcək.

