
Bakı.Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.
Dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə
səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin
gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla,
müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını
dəstəklədiyini vurğuladı.
Dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu
bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud
Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi,
onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi. Prezident
İlham Əliyev Mahmud Abbasın ölkəmizə səfərini, həmçinin beynəlxalq
tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla
xatırladı.
Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm
sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa
biləcəklərinə ümidvarlığını ifadə etdi. Bu xüsusda o, Azərbaycanın
Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi
Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə
dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik
Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin
isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli
əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi
dəyərləndirildi.
Görüşdə 2013-cü ildə ölkəmizin ev sahibliyi etdiyi “İslam
Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın
və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının
maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi
olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı
etməsi xatırlanaraq, ölkəmizin, eyni zamanda, BMT-nin UNRWA
təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyi vurğulandı.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23,
ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması
yüksək qiymətləndirildi.
Baş nazir bunlara görə dövlətimizin başçısına minnətdarlığını
bildirdi.
Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının
ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olundu,
qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparıldı.

