
Bakı.Trend:
İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində, İssık-Kul
gölünün sahilində Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycanın
Məşvərət Görüşü keçirilib. Bakı üçün bu sammit əlamətdar hadisə
olub: Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə olaraq toplantıda
fəxri qonaq deyil, formatın tamhüquqlu iştirakçısı qismində iştirak
edib. Azərbaycanın bu formata qoşulması barədə qərar bir il əvvəl
Özbəkistanda keçirilən görüşdə region liderləri tərəfindən qəbul
edilmişdi. Beləliklə, altıtərəfli əməkdaşlıq mexanizmi tam formatda
fəaliyyətə başlayıb.
Prezident İlham Əliyev özü də Azərbaycanın bu formata
qoşulmasının simvolik deyil, məntiqi addım olduğunu aydınlaşdıran
statistik rəqəmlər səsləndirib. Prezident İlham Əliyevin sözlərinə
görə, 2023-cü ilin əvvəlindən ötən üç il yarım ərzində o, Mərkəzi
Asiya ölkələrinə 16 səfər edib. Həmin müddət ərzində region
ölkələrinin liderləri isə Azərbaycana 26 dəfə səfər ediblər.
“Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha
yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və
Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”, –
deyə Azərbaycan Respublikasının Prezidenti sammitdə çıxışı zamanı
bildirib.
Sammit ərəfəsində Bakı ilə Bişkek müttəfiqlik münasibətləri
haqqında müqavilə imzalayaraq ikitərəfli əlaqələrin ən yüksək
səviyyəsini rəsmiləşdirib. Bununla yanaşı, energetika, nəqliyyat,
kibertəhlükəsizlik və statistika sahələrində əməkdaşlığı əhatə edən
sənədlər paketi də imzalanıb. Azərbaycan–Qırğızıstan İnkişaf
Fondunun nizamnamə kapitalı 100 milyon dollardan 200 milyon dollara
çatdırılıb.
“Onu da qeyd etmək istərdim ki, iki qardaş ölkə arasında
iqtisadi-ticari münasibətlərin uğurla inkişafı məni sevindirir. Bu
gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan-Qırğızıstan
İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon
dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə Fondun
maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr
haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət
göstərir, amma potensial da kifayət qədər böyükdür”, – deyə
Prezident İlham Əliyev bildirib.
Fondun həmsədri Zamirbek Osmonov bildirib ki, fond artıq 11
layihəni təsdiqləyib, minə yaxın yeni iş yeri yaradıb və
energetika, logistika, yüngül sənaye, eləcə də kənd təsərrüfatı
məhsullarının emalı sahələrini əhatə edən daha 30-a yaxın təşəbbüsü
nəzərdən keçirir. Qırğızıstanın energetika naziri Altınbek Rısbekov
isə ölkələr arasında neft və neft məhsullarının tədarükü
mexanizminin yaxın bir həftə ərzində hazırlanacağını bildirib.
“Bugünkü memorandum bizə yaxşı, sıx tərəfdaşlıq münasibətləri
qurmaq imkanı verəcək. Söhbət məhz neft məhsullarının tədarükü
sahəsində əməkdaşlıqdan gedir. Artıq ilkin razılaşmalarımız var.
İndi isə həyata keçirmə mexanizmlərini – tədarüklərin necə həyata
keçiriləcəyi və bundan sonra hansı istiqamətdə irəliləyəcəyini
işləyib hazırlamalıyıq”, – deyə o bildirib.
Məhz bu fonda Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycanın
regional əməkdaşlığın inkişafındakı rolunu xüsusi
vurğulayıblar.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakının bu formata
qoşulmasını məşvərət görüşlərinin müsbət təkamülündə yeni mərhələ
kimi qiymətləndirib.
“Mərkəzi Asiya müasir tarixinin ən uğurlu dövrünü yaşayır.
Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi
qoşulması formatımızın müsbət təkamülündə yeni mərhələnin
başlanğıcı oldu. Birgə səylər sayəsində siyasi dialoqun daha da
dərinləşdirilməsi, investisiya, energetika və sənaye sahələrində
əməkdaşlığın genişləndirilməsi, vahid nəqliyyat-logistika
sisteminin formalaşdırılması üçün əlverişli şərait yaradılır. Son
illərdə regiondaxili ticarət dövriyyəsi davamlı olaraq artır,
işgüzar əlaqələr genişlənir, birgə müəssisələr yaradılır, ortaq
investisiya layihələri həyata keçirilir, humanitar əlaqələr
möhkəmlənir. Mədəni, təhsil və gənclər mübadiləsi də yeni məzmun
qazanır. Bütün bu müsbət nəticələr qardaş xalqlarımızın daha da
yaxınlaşmasına və regionun beynəlxalq nüfuzunun möhkəmlənməsinə
xidmət edir”, – deyə o bildirib.
Onun sözlərinə görə, region daxili ticarət və investisiya
həcmlərini ardıcıl şəkildə artırır və Azərbaycanın bu prosesə
qoşulması ona əlavə siyasi və iqtisadi çəki qazandırır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə hesab edir ki,
Azərbaycanın yeni formatda iştirakı Mərkəzi Asiyanı, Cənubi Qafqazı
və Əfqanıstanı birləşdirən vahid inkişaf məkanının
formalaşdırılması üçün tarixi imkan yaradır.
“Qarşımızda Mərkəzi Asiyanı, Cənubi Qafqazı və yaxın qonşumuz
Əfqanıstanı birləşdirən vahid inkişaf məkanını formalaşdırmaq üçün
tarixi imkan açılır. Bu məqamdan maksimum yararlanmalı, Avrasiyanın
mərkəzində dayanıqlı inkişaf, qarşılıqlı bağlantılar və mehriban
qonşuluq üçün möhkəm təməllər yaratmaq məqsədilə birgə səylər
göstərməliyik”, – deyə o bildirib.
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycanın rolunu enerji
təhlükəsizliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, dünya enerji
bazarlarında müşahidə olunan gərginlik region ölkələrinin
maraqlarına da birbaşa təsir göstərir.
“Məlumdur ki, bu gün regional və qlobal enerji bazarlarında
formalaşan gərgin vəziyyət bizim maraqlarımıza da birbaşa təsir
göstərir. Bu baxımdan dayanıqlı inkişafın əsas amillərindən biri
olan enerji təhlükəsizliyi məsələsi üzərində daha ətraflı dayanmaq
istəyirəm. Mən bu mövzuya əvvəlki görüşlərimizdə də toxunmuşdum.
Gəlin, mövcud reallıqları nəzərə alaraq, bu aktual məsələ üzərində
hamılıqla ciddi düşünək. Konkret olaraq, aidiyyəti qurumlarımıza
regionda ən müasir texnologiyalar əsasında iri neft emalı zavodunun
tikintisi məsələsini işləyib hazırlamağı tapşırmağı təklif edirəm”,
– deyə o bildirib.
Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında nəqliyyat və
turizm sahələrinə xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, region
ölkələri Azərbaycanla birlikdə Çin–Qırğızıstan–Özbəkistan dəmir
yolu da daxil olmaqla bir sıra dəmir yolu, avtomobil və multimodal
nəqliyyat layihələrini həyata keçirirlər.
“Münasibətlərimizin möhkəm təməlini mədəni yaxınlıq, ortaq tarix
və xalqlarımız arasında ənənəvi əlaqələr təşkil edir. Turizm
sahəsində əməkdaşlığın böyük potensialı var. Mərkəzi Asiya və
Azərbaycan dünyaya qədim şəhərlərin unikal irsini, Böyük İpək
Yolunun tarixi abidələrini, dağ və göl mənzərələrini, milli
ənənələri və mədəni müxtəlifliyi təqdim edə bilər”, – deyə o
bildirib.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov isə təsdiqləyib
ki, növbəti – sayca səkkizinci Məşvərət Görüşü 2026-cı il oktyabrın
8-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçiriləcək.
“Mən əminəm ki, yeni altıtərəfli dövlətlərarası əməkdaşlıq
mexanizmi xalqlarımız və ölkələrimiz arasında yaxınlaşmanı daha da
gücləndirəcək, qardaşlıq əlaqələrini möhkəmləndirəcək, artan birgə
potensialdan istifadə etməklə əməkdaşlığa əlavə dinamika və yeni
perspektivlər qazandıracaq”, – deyə o əlavə edib.
Çolpon-Atada səsləndirilən bütün fikirləri ümumiləşdirsək, aydın
görünür ki, Azərbaycan regional əməkdaşlığın gələcək inkişafının
mühüm amillərindən biri kimi qiymətləndirilir. Qazaxıstan Bakının
bu formata qoşulmasını regionun beynəlxalq nüfuzunu artıran amil
hesab edir. Özbəkistan Azərbaycanı vahid inkişaf məkanının
formalaşmasında vacib həlqə kimi görür. Tacikistan onu enerji
təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş hesab edir. Qırğızıstan
Azərbaycanın nəqliyyat əlaqələrinin genişləndirilməsi və birgə
infrastruktur layihələrinin həyata keçirilməsində əsas
tərəfdaşlardan biri olduğunu vurğulayır. Türkmənistan isə Bakını
yeni altıtərəfli mexanizmin mühüm iştirakçısı və regional
inteqrasiyaya əlavə dinamika verə biləcək ölkə kimi
dəyərləndirir.
Bütün bunlar göstərir ki, Azərbaycan artıq Mərkəzi Asiya
ölkələri tərəfindən formalaşmaqda olan regional əməkdaşlıq
arxitekturasının ayrılmaz iştirakçısı kimi qəbul edilir.

