
Bakı. Trend:
Azərbaycan və Çin arasında enerji əməkdaşlığı müzakirə
edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X”
hesabında paylaşım edib.
“Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri xanım Lu Mey ilə görüşdə iki ölkə arasında enerji sahəsində
əməkdaşlığı müzakirə etdik.
Azərbaycanın yerli və beynəlxalq təşəbbüslərində, o cümlədən “yaşıl enerji” ilə bağlı layihələrdə Çin şirkətlərinin iştirakı ilə
bağlı fikir mübadiləsi apardıq”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Çin arasında əsas əməkdaşlıq
istiqamətlərindən biri enerji sektorudur. Enerji sahəsində
əməkdaşlıq təkcə investisiya layihələri ilə məhdudlaşmır, həm də
ölkənin dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından birinə
çevrilir. Artıq deyə bilərik ki, Azərbaycan–Çin enerji əməkdaşlığı
ənənəvi enerji sahəsindən kənara çıxaraq yaşıl keçid mərhələsinə
daxil olub. Bu, həm Azərbaycanın 2030 və 2050 iqlim hədəflərinə,
həm də Çinin qlobal yaşıl texnologiya ixracı strategiyasına
uyğundur. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası (KES) və
Qobustan Günəş Elektrik Stansiyası (GES) kimi layihələr Çin
şirkətlərinin təkcə podratçı deyil, texnologiya və maliyyə
tərəfdaşı rolunda çıxış etdiyini göstərir.
Azərbaycan–Çin iqtisadi əməkdaşlığının mühüm istiqamətlərindən
biri də sənaye və “yaşıl enerji” texnologiyalarının
lokallaşdırılmasıdır. Bu baxımdan, Ələt Azad İqtisadi Zonası (ƏAİZ)
iki ölkə arasında sənaye tərəfdaşlığının yeni platformasına
çevrilir. Zonada rəsmi qeydiyyatdan keçən ilk Çin şirkəti olan “Sunsync” burada günəş paneli istehsalı müəssisəsi yaratmağa
hazırlaşır.
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə
Heyətinin sədri Valeh Ələsgərov Trend-ə müsahibəsində bildirib ki,
şirkət ilk mərhələdə qabaqcıl texnologiyalarını Azərbaycana
gətirərək ƏAİZ-də 23 hektarlıq ərazidə günəş paneli istehsalı
müəssisəsi quracaq. Onun sözlərinə görə, istehsal ediləcək
məhsulların əsas hissəsi ixraca yönəldiləcək və məqsəd təkcə daxili
bazarı deyil, beynəlxalq bazarları da əhatə etməkdir.
“İlk gündən məqsəd ondan ibarətdir ki, tək Azərbaycan bazarı
yox, dünya bazarına çıxaq. Ələt Azad İqtisadi Zonasında istehsal
olunacaq günəş panellərindən burada fəaliyyət göstərəcək
müəssisələrin dam örtüklərində istifadə etməyi investorlara tövsiyə
edirik. Eyni zamanda şirkət Azərbaycanda keçiriləcək bütün müvafiq
tenderlərdə də iştirak edə biləcək”, – deyə Valeh Ələsgərov
bildirib.
O qeyd edib ki, “Sunsync” istehsala başladıqdan sonra
Azərbaycanda günəş elektrik stansiyaları inşa edən şirkətlər üçün
panellərin ölkə daxilindən təmin edilməsi həm logistika, həm də
xərc baxımından daha əlverişli olacaq.
“Biz şirkətə Ələt Azad İqtisadi Zonasında günəş elektrik
stansiyası tikmək üçün də ərazi təklif etmişik. Beləliklə, burada
istehsal ediləcək panellərdən istifadə etməklə tikilən stansiyada
istehsal olunacaq ‘yaşıl enerji’nin ƏAİZ-də fəaliyyət göstərən
müəssisələrə satılması imkanı yarana bilər”, – deyə o əlavə
edib.

