
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Azərbaycanın regional inkişaf
strategiyasında yeni mərhələyə qədəm qoyur. Uzun illər blokada
şəraitində yaşayan, lakin dövlətin ardıcıl diqqət və qayğısı
nəticəsində sosial-iqtisadi potensialını qoruyaraq inkişaf etdirən
muxtar respublika indi yalnız ölkədaxili iqtisadi məkanın deyil,
Cənubi Qafqazda formalaşan yeni nəqliyyat, enerji və ticarət
arxitekturasının əsas qovşaqlarından birinə çevrilmək perspektivi
qazanır.
Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin siyasi xəttində
daim xüsusi yer tutub. Bu yanaşma Prezident İlham Əliyev tərəfindən
yeni şəraitə və müasir çağırışlara uyğun şəkildə davam etdirilib.
Dövlət başçısının Naxçıvana diqqəti ayrı-ayrı layihələrlə
məhdudlaşmayıb, muxtar respublikanın iqtisadi, sosial və
infrastruktur baxımından ölkənin ümumi inkişaf modelinə daha sıx
inteqrasiyasını hədəfləyən sistemli siyasətə çevrilib.
Son illərdə görülən işlər də bunun konkret nəticələrini
göstərir. Yeni istehsal və xidmət sahələrinin yaradılması,
sahibkarlığın güzəştli maliyyələşdirilməsi, sənaye potensialının
genişləndirilməsi, yol, enerji, su, təhsil və sosial xidmət
infrastrukturlarının yenilənməsi Naxçıvan iqtisadiyyatının daha
dayanıqlı və rəqabətqabiliyyətli modelə keçidini sürətləndirir.
Muxtar respublikada yüzlərlə yeni istehsal və xidmət sahəsinin
yaradılması, sahibkarlıq layihələrinin maliyyələşdirilməsi, əsas
kapitala investisiyaların əhəmiyyətli dərəcədə artması artıq
Naxçıvanda iqtisadi fəallığın yeni miqyas aldığını göstərir.
Naxçıvan Sənaye Parkının yaradılması isə bu prosesin növbəti
mərhələsi kimi qiymətləndirilə bilər. Burada məqsəd yalnız daxili
tələbatın ödənilməsi deyil, yeni istehsal zəncirlərinin qurulması,
investisiyanın təşviqi və ixrac imkanlarının
genişləndirilməsidir.
Naxçıvanın strateji mövqeyi iqtisadi üstünlüyə çevrilir
Prezident İlham Əliyevin Naxçıvana diqqətinin regional
əhəmiyyəti isə muxtar respublikanın sərhədlərindən xeyli kənara
çıxır. Azərbaycan, Türkiyə, İran və Ermənistan arasında xüsusi
coğrafi mövqeyə malik Naxçıvan gələcəkdə Cənubi Qafqazın ən mühüm
nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilə bilər.
Əsrlər boyu müxtəlif ticarət yollarının kəsişdiyi Naxçıvan yeni
geoiqtisadi şəraitdə tarixi funksiyasını daha geniş miqyasda bərpa
etmək imkanı əldə edir. Yeni dəmir və avtomobil yolları, logistika
infrastrukturu, enerji xətləri və sənaye layihələrinin bir-biri ilə
əlaqəli şəkildə inkişaf etdirilməsi muxtar respublikanı regional
ticarətin mühüm paylama mərkəzinə çevirə bilər.
Bu baxımdan Naxçıvanın gələcəkdə regionun böyük ticarət
mərkəzlərindən birinə, iqtisadi dövriyyənin və sərmayənin
cəmləşdiyi platformaya çevrilməsi üçün real zəmin formalaşır.
Türkiyə, İran və Ermənistanla sərhəd Naxçıvana geniş regional
bazarlara çıxış imkanı verir. Perspektivdə bu coğrafiyanın təxminən
200 milyon nəfərlik bazarla birbaşa və dolayı iqtisadi əlaqələr
qurması mümkündür.
TRIPP və yeni nəqliyyat arxitekturası
Regionda kommunikasiyaların açılması və TRIPP istiqamətində
nəzərdə tutulan bağlantılar Naxçıvanın gələcək rolunu daha da
artırır. Burada əsas məsələ yalnız Azərbaycanın əsas hissəsi ilə
muxtar respublika arasında fasiləsiz nəqliyyat əlaqəsinin
yaradılması deyil.
Yeni bağlantının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə
inteqrasiyası Naxçıvanı daha geniş Avrasiya logistika sisteminin
bir hissəsinə çevirə bilər. Bunun nəticəsində Mərkəzi Asiyadan
Azərbaycan vasitəsilə Türkiyə və Avropaya istiqamətlənən yük
axınlarının alternativ marşrutları formalaşa bilər.
İndiyədək regional tranzitin böyük hissəsi Gürcüstan
istiqamətindən həyata keçirilirdisə, yeni kommunikasiya
imkanlarının yaradılması gələcəkdə yük axınlarının müəyyən
hissəsinin Naxçıvan üzərindən hərəkətinə imkan verəcək.
Perspektivdə 15 milyon tona qədər yükötürmə imkanına malik
nəqliyyat xəttinin formalaşması Naxçıvanın iqtisadi çəkisini
əhəmiyyətli dərəcədə artıra bilər.
Belə bir infrastruktur yalnız tranzit gəlirlərinin artması demək
deyil. Nəqliyyatın olduğu yerdə anbar və logistika xidmətləri, emal
müəssisələri, sənaye zonaları, ticarət mərkəzləri, xidmət sektoru
və yeni iş yerləri yaranır. Buna görə də Naxçıvandan keçəcək yeni
nəqliyyat xətlərinin ətrafında gələcəkdə istehsal klasterlərinin
formalaşdırılması iqtisadi inkişafın məntiqi davamı ola bilər.
Türkiyə və İranla yeni iqtisadi imkanlar
Naxçıvanın regional kommunikasiya mərkəzinə çevrilməsi
Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin genişlənməsi
baxımından da xüsusi əhəmiyyət daşıyır. Qars–İğdır–Naxçıvan
istiqamətində dəmir yolu bağlantısının formalaşması muxtar
respublikanın Türkiyənin nəqliyyat sistemi vasitəsilə Avropa
bazarlarına çıxış imkanlarını gücləndirəcək.
İran istiqamətində mövcud iqtisadi və nəqliyyat əlaqələri isə
Naxçıvan üçün əlavə alternativ yaradır. Beləliklə, muxtar
respublikanın gələcək modeli yalnız bir marşrutdan asılı deyil,
müxtəlif istiqamətlər üzrə şaxələndirilmiş nəqliyyat və enerji
əlaqələrinə əsaslana bilər.
Bu yanaşma həm də Azərbaycanın regional siyasətinin əsas
xüsusiyyətlərindən birini göstərir: yeni kommunikasiyalar
qarşıdurma deyil, qarşılıqlı iqtisadi maraqlar üzərində qurulan
əməkdaşlıq modeli formalaşdırmalıdır.
Ermənistanla sülh gündəliyinin irəliləməsi də bu kontekstdə
regionun iqtisadi mənzərəsini dəyişə bilər. Kommunikasiyaların
açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, Türkiyə, İran,
Mərkəzi Asiya ölkələri və Avropa bazarları üçün yeni logistika
imkanları yarada bilər.
Enerji xəritəsində də Naxçıvanın rolu artır
Muxtar respublikanın yeni inkişaf modelində enerji
təhlükəsizliyi ayrıca strateji istiqamət təşkil edir. Son illərdə
həyata keçirilən layihələr nəticəsində Naxçıvanın enerji təminatı
daha çox şaxələndirilir, elektrik infrastrukturunun
modernləşdirilməsi sürətləndirilir, yeni generasiya gücləri
yaradılır.
İğdır–Naxçıvan qaz boru kəmərinin istifadəyə verilməsi enerji
təchizatında alternativ imkan yaradıb və muxtar respublikanın
enerji təhlükəsizliyinin güclənməsinə mühüm töhfə verib. Bununla
yanaşı, su elektrik stansiyalarının tikintisi, yarımstansiyaların
yenilənməsi və elektrik şəbəkəsinin modernləşdirilməsi Naxçıvanın
enerji sisteminin dayanıqlığını artırır.
Perspektiv isə bundan daha genişdir. Bərpa olunan enerji
potensialının inkişafı Naxçıvanı yalnız öz tələbatını ödəyən
regiondan potensial enerji ixracatçısına çevirə bilər. Mərkəzi
Asiyadan və Azərbaycanın digər bölgələrindən Türkiyə, oradan isə
Avropaya istiqamətlənə biləcək gələcək enerji xətlərində Naxçıvanın
coğrafi mövqeyi mühüm rol oynaya bilər.
Beləliklə, gələcək tranzit xəritəsində Naxçıvan yalnız dəmir
yolu və avtomobil yollarının deyil, strateji enerji arteriyalarının
da keçdiyi məkanlardan birinə çevrilmək potensialına malikdir.
İnfrastruktur dəyişdikcə iqtisadi model də dəyişir
Yeni logistika imkanlarının səmərəli işləməsi üçün Naxçıvan
daxilində həyata keçirilən infrastruktur layihələri də xüsusi
əhəmiyyət daşıyır. Avtomobil yollarının əsaslı təmiri, şəhər
nəqliyyatının elektrik avtobusları əsasında yenilənməsi, su
təsərrüfatının modernləşdirilməsi, yeni sosial və təhsil
obyektlərinin yaradılması bütövlükdə iqtisadi mühitin keyfiyyətini
dəyişir.
Su təhlükəsizliyi sahəsində nəzərdə tutulan genişmiqyaslı
tədbirlər kənd təsərrüfatının inkişafına da yeni imkanlar yaradır.
Müasir suvarma sistemlərinin yaradılması, kollektor-drenaj
şəbəkələrinin qurulması, içməli su infrastrukturlarının yenilənməsi
aqrar istehsalın dayanıqlığının yüksəldilməsinə xidmət edir.
Aqrar sektorda kooperasiya modelinin tətbiqi, istehsalla emal
arasında əlaqələrin gücləndirilməsi və kiçik təsərrüfatların bazara
çıxışının asanlaşdırılması isə Naxçıvanın gələcək iqtisadiyyatının
yalnız tranzitdən deyil, yerli istehsal və ixracdan da gəlir əldə
etməsinə imkan verə bilər.
Hərbi Zəfərdən iqtisadi və diplomatik reallığa
Cənubi Qafqazda baş verən proseslərin siyasi əsasında
Azərbaycanın tarixi Zəfərindən sonra yaranmış yeni reallıqlar
dayanır. Döyüş meydanında əldə edilən nəticə regionun siyasi və
iqtisadi gündəliyini dəyişərək yeni kommunikasiyaların, nəqliyyat
layihələrinin və iqtisadi əməkdaşlıq formatlarının müzakirəsinə
imkan yaradıb.
Bu mənada “Prezident İlham Əliyev həm müharibəni, həm sülhü
qazandı” tezisi yalnız siyasi məzmun daşımır. Azərbaycanın hərbi
qələbədən sonra region üçün irəli sürdüyü iqtisadi əməkdaşlıq
modeli dəmir yolları, avtomobil magistralları, logistika
mərkəzləri, enerji xətləri və qarşılıqlı ticarət imkanları
vasitəsilə praktik məzmun qazanır.
Sülhün davamlı olması üçün iqtisadi qarşılıqlı asılılığın və
regional maraqların formalaşdırılması mühüm amildir. Azərbaycanın
təşviq etdiyi kommunikasiya layihələri də məhz bu baxımdan
hərbi-siyasi nəticələrin uzunmüddətli iqtisadi əməkdaşlığa
çevrilməsinin əsas alətlərindən biri kimi çıxış edir.
Naxçıvan üçün yeni era
Bu proseslərin mərkəzində isə Naxçıvan dayanır.
Bir vaxtlar blokada səbəbindən coğrafi mövqeyinin
üstünlüklərindən tam istifadə edə bilməyən muxtar respublika yeni
nəqliyyat xətlərinin reallaşması ilə həmin coğrafiyanı mühüm
iqtisadi aktivə çevirə bilər.
Naxçıvandan keçəcək ticarət yolları, logistika xətləri, dəmir
yolları, enerji infrastrukturu və gələcək sənaye klasterləri muxtar
respublikanı Azərbaycanın regional iqtisadi strategiyasının əsas
dayaqlarından birinə çevirəcək.
Beləliklə, Naxçıvan üçün başlayan yeni mərhələ yalnız muxtar
respublikanın inkişaf tarixinin növbəti səhifəsi deyil. Bu,
bütövlükdə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geoiqtisadi
reallığın mühüm tərkib hissəsidir.
Tarixən Şərqlə Qərb arasında ticarət yollarının üzərində
yerləşən Naxçıvanın qarşısında indi həmin strateji mövqeni müasir
nəqliyyat, enerji, sənaye və logistika imkanları ilə birləşdirmək
perspektivi dayanır. Bu proses uğurla tamamlandıqda muxtar
respublika blokada anlayışı ilə deyil, regional bağlantı, tranzit
və iqtisadi inkişaf anlayışları ilə xarakterizə olunan yeni dövrə
daxil olacaq.

