Sumqayıtda 27,5 milyon manatlıq qida müəssisəsi yaradılır

Baş səhifə

Bakı. Trend:

Sumqayıt Sənaye Parkında qida sənayesi üzrə müəssisə fəaliyyətə
başlayacaq.

Bu barədə qtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Belə ki, “Bimbo QSR Azərbaycan” MMC-yə agentliyin idarəçiliyində
olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 27,5 milyon manat olan layihə çərçivəsində
burger və hot-doq üçün bulka istehsalı həyata keçiriləcək.
Müəssisənin illik istehsal gücü 150 milyon ədəd təşkil edəcək.
Layihə çərçivəsində 100-dən çox yeni iş yerinin yaradılması
planlaşdırılır. İstehsal prosesində yerli xammaldan istifadə
olunacaq. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarla
yanaşı, region ölkələrinə ixracı da nəzərdə tutulur.

Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,8
milyard manatdan artıq olan 43 sahibkarlıq subyektinə rezident
statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox
investisiya yatırılıb, 6400-dən artıq iş yeri yaradılıb.

Sumqayıt Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevin 21 dekabr 2011-ci il tarixli 548 nömrəli Fərmanı ilə
yaradılıb. Parkın yaradılmasında əsas məqsəd ölkədə innovativ və
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye
istehsalının inkişafı üçün əlverişli şərait formalaşdırmaq,
sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı
inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaqdır.

Hazırda Sumqayıt Sənaye Parkının ümumi ərazisi 640 hektar təşkil
edir. Parkda həyata keçirilən layihələr üzrə ümumi investisiya
həcmi 3,94 milyard ABŞ dollarına çatır və burada 6 134 daimi iş
yerinin yaradılması nəzərdə tutulub.




Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur
Adıgözəlov qurumun ötən il üzrə fəaliyyəti və qarşıda duran
vəzifələrə həsr olunmuş mətbuat konfransında Sumqayıt Sənaye
Parkının hazırda Cənubi Qafqazın ən böyük sənaye parkı olduğunu və
burada 40 rezidentin fəaliyyət göstərdiyini bildirib.

“2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq
məhsul satışı həyata keçirilib. Bunun 1,1 milyard manatı ixracın
payına düşüb. Bu göstəricilər parkın ölkənin sənaye istehsalında və
qeyri-neft ixracında aparıcı rol oynadığını bir daha təsdiqləyir”,
– deyə o qeyd edib.

Seymur Adıgözəlov həmçinin qeyd edib ki, ümumilikdə İqtisadi
Zonaların İnkişafı Agentliyinin idarə etdiyi sənaye zonaları
ölkənin sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna qədər sənaye zonalarında
138 rezident və 13 qeyri-rezident qeydiyyata alınıb. Ümumi
investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə
sahibkarlar tərəfindən 7 milyard manat həcmində faktiki sərmayə
yatırılıb.

“Hazırda sənaye zonalarında 82 müəssisə fəaliyyət göstərir və 9
700-dən çox daimi iş yeri yaradılıb. 2015-2025-ci illərdə sənaye
zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul istehsal
olunaraq satılıb ki, bunun da 6 milyard manatdan çoxu ixrac edilib.
Bu nəticələr sənaye zonalarının artıq dayanıqlı istehsal və
ixracyönümlü sənaye ekosisteminə çevrildiyini göstərir”, – deyə
İZİA sədri vurğulayıb.

O əlavə edib ki, iqtisadi zonalar xarici investorlar üçün də
getdikcə daha cəlbedici olur. Belə ki, 2016-cı ildə sənaye
zonalarına cəlb edilən xarici investisiyaların həcmi cəmi 10,4
milyon manat olduğu halda, təkcə 2025-ci ildə bu göstərici 87,9
milyon manata yüksəlib. Onun sözlərinə görə, bu dinamika
Azərbaycanın sənaye zonalarına beynəlxalq investorların marağının
davamlı şəkildə artdığını nümayiş etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir