Bakı. Trend:
Bakı Metropoliteninin tarixində yeni bir dövr başlayır.
Bunu Trend-ə
müsahibəsində “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar
Məmmədov deyib.
O qeyd edib ki, bu dövrü Bakı şəhərinin nəqliyyatı üçün də yeni
era adlandıra bilərik:
Xətlər üzrə müstəqil hərəkətin təşkilini təmin etmək
istiqamətində əhəmiyyətli addımların atılmasına
başlanılıb
“Çünki
Dövlət Proqramına uyğun olaraq, qarşıdakı dövrdə Bakı Metropoliteni
üçün bir sıra tədbirlər görüləcək, 10 yeni stansiyanın inşası ilə
şəhərin nəqliyyat və mikromobillikdə mənzərəsi büsbütün
dəyişəcək.
Və əlbəttə ki, bütün bunların ən vacib tərkib hissələrindən biri
də xətlərin ayrılması layihəsidir. 50 il ərzində Bakı
Metropolitenində həm Yaşıl, həm də Qırmızı xətlər üzrə qatarlar “28
May” stansiyasından sonra eyni istiqamətdə hərəkət edib. Bu
səbəbdən xətlər üzrə müstəqil hərəkətin təşkili mümkün olmayıb.
Artıq Bakı Metropolitenində qeyd etdiyim yeni eranın – xətlər üzrə
müstəqil hərəkətin təşkilinin təmin edilməsi istiqamətində
əhəmiyyətli addımların atılmasına başlanılıb
Avqustun 15-i, yəni bu gündən etibarən Bakı Metropoliteninin
Yaşıl və Qırmızı xətləri üzrə qatarların hərəkəti fərqli
istiqamətdə təmin olunur. Səhər saat 6-dan etibarən Qırmızı xətt
üzrə Həzi Aslanov istiqamətində qatarların hərəkəti 2 dəqiqə 30
saniyə ilə təmin olunur”.
Yalnız 28 May-Nizami sahələri arasında qatarların
hərəkəti dayandırılıb
Bəxtiyar
Məmmədov xüsusi olaraq qeyd edib ki, 28 May stansiyası funksional
fəaliyyətini davam etdirir, sərnişinlərini qəbul edir:
“Yəni səhər saat 6-dan gecə 12-yə qədər stansiyanın qapıları
sərnişinlər üçün açıq olur.
Eyni zamanda, Yaşıl xətt üzrə artıq Bakı Metropoliteninin
qatarlarının hərəkəti Dərnəgül-Nizami olmaqla təmin olunur. Başqa
sözlə, yalnız 28 May-Nizami sahələri arasında qatarların hərəkəti
dayandırılıb”.
Bakı metropoliteninin sərnişinləri artıq əvvəlki
problemlərlə qarşılaşmayacaqlar
Qurum rəsmisi diqqətə çatdırıb ki, bundan sonrakı dövrdə
xətlərin ayrılması layihəsi üzrə 200 metrlik iki tunelin inşası
işləri aparılacaq. Bu işlər 11 aya yaxın müddət ərzində davam
etdiriləcək:
“Sərnişinlərimizdən rica edirik ki, bu müddət ərzində təşkil
edilmiş ekspres marşrutlardan və eyni zamanda müntəzəm marşrut
avtobuslarından istifadə edərək yaşıl və qırmızı xətlərin
stansiyalarından birindən digərinə doğru hərəkət etməyə üstünlük
versinlər, səfər planlarını əvvəlcədən müəyyən etməyə, xüsusən də
ənənəvi, daimi hərəkət istiqamətləri üzrə marşrutlarını rahat
müəyyən etməyə çalışsınlar.
Bundan əlavə, xüsusi olaraq qeyd edim ki, Bakı Metropolitenində
bu dövrdə xüsusi layihələr həyata keçiriləcək ki, sonrakı dövr
ərzində Bakı Metropoliteninin sərnişinləri artıq əvvəl
qarşılaşdıqları bir sıra problemlərlə rastlaşmasınlar.
İlk növbədə, artıq Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər
üzrə hərəkət edən sərnişinlərimiz qarşılarına çıxan ilk qatara
minərək yollarına davam edə bilərlər. Bu, artıq ilk müsbət
cəhətdir. Çünki “28 May” və “Əhmədli” stansiyaları arasındakı
stansiyalarımızda sərnişin axınının toplaşması baş verirdi. Yəni
Dərnəgül istiqamətinə gedən sərnişinlərimiz məcburən şəhər qatarını
buraxmalı olurdular. Belə olduqda minib-düşmə prosesinin ləngiməsi,
sərnişin axınlarının bir-birinə qarışaraq maneə yaratması kimi
hallar baş verirdi. Bundan sonra isə bu hallar olmayacaq
2028-ci ildən Bakı Metropolitenində intervallar minimuma
– 2 dəqiqəyə enəcək
Bəxtiyar
Məmmədov bildirib ki, layihənin növbəti mühüm yeniliyi artıq 11
aydan sonrakı dövrdə mərhələli şəkildə həyata keçiriləcək:
“İlk növbədə, qeyd etdiyim istiqamətdə artıq Bakı metropoliteni
intervalları azaltmaq istiqamətində əhəmiyyətli addımlara başlamış
olacaq. Xüsusilə qeyd edim ki, 2028-ci ildə yekunlaşdırılacaq
“İçəri Şəhər” stansiyasının dönmə kamerasının inşası işlərində
intervalların azaldılması istiqamətində ən mühüm yenilik tətbiq
edəcək. Belə ki, qırmızı xəttdə interval iki dəqiqə və daha aşağı
olacaq. Eyni zamanda, 2028-ci ildə artıq dönmə kamerası inşa olunub
başa çatdırıldıqdan sonra intervalları, yəni dünya praktikasında
olduğu kimi, ən minimal həddə çatdırmaq mümkün olacaq.
Yaşıl xətt üzrə isə xətlərin ayrılması layihəsi, yəni 200
metrlik tunelin inşası başa çatdıqdan sonra Dərnəgül-Nizami-Cəfər
Cabbarlı istiqamətində qatarlar hərəkət edəcək. Həmin istiqamətdə
növbəti keçid inşa olunaraq dönmə kamerası təmir olunduqdan sonra
isə o istiqamətdə də iki dəqiqəlik intervalın tam olaraq təmin
olunması həyata keçiriləcək.
Bir sözlə, bundan sonrakı dövr artıq Bakı Metropoliteninin yeni
stansiyaların inşasını da nəzərə alaraq şəhərə, şəhər mərkəzinə
doğru axın istiqamətlərinin tənzimlənməsi, şəhərin daha dayanıqlı
nəqliyyat növü olan metropolitenin daha geniş istiqamətlər üzrə
daşıma qabiliyyətinin artırılması, xüsusən kəsişmə stansiyaların
olması ilə xətlərin bir-biri ilə əlaqəsinin gücləndirilməsi,
sərnişinlərimizə maksimum rahatlığın təmin edilməsi və sonrakı
dövrlər üçün inkişaf perspektivlərinin müəyyənləşdirilməsi
baxımından mühüm əhəmiyyət daşıyacaq”.
Bakı
Metropoliteni stansiyalarında könüllülər və əlavə işçi qüvvəsi cəlb
olunub
Bəxtiyar Məmmədov bildirib ki, dəyişikliklə əlaqədar metroya
əlavə işçi qüvvəsi və könüllüllər də cəlb edilib. Onun sözlərinə
görə, bütün bunların hər biri metro stansiyasına daxil olan
sərnişinlərin məlumatlandırılması, onların istiqamətləndirilməsi
baxımından əhəmiyyətli rol oynayacaq.
O həmçinin bildirib ki, bu dövrdə xüsusi tədbirlər həyata
keçiriləcək, monitorinqlər aparılacaq:
“Həm ekspres marşrutlar üzrə, həm Bakı Metropolitenində
intervalların, ehtiyat qatarlardan istifadə edilməsi qaydası ilə
bağlı monitorinqlər aparılacaq. Əsas məsələ sentyabr ayının 15-dən
sonra artacaq sərnişin tələbatını iki nəqliyyat tərəfinin
(Metropoliten və AYNA) daha uyğun, daha rahat şəkildə təmin
etməsidir”.

