“Dostlarım mənə, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutu – “MQİMO”-nun İdarəetmə və Siyasət fakültəsinin dekanı Henri Sardaryanın facebook səhifəsində Qarabağ münaqişəsi ilə bağlı yazdığı yazının keçidini göndərəndə, uzun müddət bu keçidlə səhifəni aça bilmədim. Bu hadisə məni bir qədər təəccübləndirdi. Təəccübümün səbəbi, Henrinin Qarabağ haqqında yazması deyil, məhz mənim səhifəyə giriş edə bilməməyim idi. Sonda səbəbi öyrəndim, çox sadə, müəllif məni “blok” etmişdi. Bu hadisə mənə Ermənistanın son 26 il ərzində tutduğu siyasi yolu xatırlatdı”.
Bunu özünün “Facebook” səhifəsində Dağlıq Qarabağın azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının keçmiş sədri Orxan Əkbərov paylaşıb.
O.Əkbərov paylaşımında Azərbaycanın, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini sülh yolu ilə, masa ətrafında əyləşib beynəlxalq hüquq müstəvisində işğal problemini həll etmə istəklərinə və bu yolda bütün səylərinə baxmayaraq, Ermənistan tərəfi hər zaman danışıqlardan qaçaraq provokasiya xarakterli fəaliyyəti seçirdi:
(https://m.tsargrad.tv/experts/appetity-rastut-tureckie_285298)
“Texniki səbəbi nəzərə alaraq özünü elə də yaxşı tanımasam da tədbirlərdə tez-tez üz-üzə gəldiyim “MQİMO” məzununa cavabı öz facebook səhifəmdə verməyə qərar verdim”.
Paylaşımda belə deyilir:
“Henri!
Əlbəttə ki, beynəlxalq hüququn nə olduğunu çox gözəl bilirsən, sadəcə olaraq çox təəssüf ki, bu haqda çox az danışırsan, əsasən də əgər müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidirsə. Misal üçün deyim, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsidir. O qətnamələr ki, Ermənistanın Azərbaycana qarşı işğalını dərhal dayandırmağı, işğalçı qoşunlarını qeyd-şərtsiz işğal etdiyi torpaqlardan geri çəkməyi əmr edir. Misal üçün, müharibə zamanı hərbi əməliyyatların aparıldığı yerlərdən dinc əhalinin çıxa bilməsi üçün humanitar koridorların təşkil olunmasıdır beynəlxalq hüquq, necə ki, hazırda erməni millətinə qarşı Azərbaycan Respublikası edir. Sonunda əli silahlı əsgərlər dinc əhalini, qadınları, uşaqları amansızcasına qətlə yetirmək üçün gözləyən koridorlar yox. Bu cinayəti edir və daha sonra böyük fəxr hissi ilə etdiklərini danışır. Yox bu o koridor deyil.
Mən əminəm ki, sən başa düşdün mən hansı hadisəni nəzərdə tuturam. Azərbaycanda ermənilərin, rusların, molokanların və digər xristian insanların “soyqırımı” haqda danışanda, üstəlik xristian abidələrinin dağılmasını iddia edəndə sadəcə olaraq internetdə bu mövzuda axtarış verməni təklif edirəm. Görəcəksən ki, Azərbaycan çoxmillətli və çoxmədəniyyətli-multikultural ölkədir. Görəcəksən ki, Azərbaycanda hələ də 30 mindən çox etnik erməni yaşayır, Molokanlar dövlətin bütün imtiyazlarından və dəstəyindən faydalanır və İsmayıllının gözəl İvanovka kəndində yaşayırlar. Görəcəksən ki, Rusların bəlkə də dünyada ən rahat yaşadıqları yer məhz Azərbaycandır. Bütün kilsələr dövlətin maddi və mənəvi dəstəyi ilə dini inanclarının bütün şərtlərini istədikləri formada həyata keçirirlər. Bakının mərkəzində yerləşən erməni kilsəsi haqqında isə düşünürəm ki, özün çox gözəl məlumatlısan. Bəs Ermənistanda? Bəli, düz tapdın, Ermənistan rəsmi olaraq monoetnik yəni təkmillətli ölkədir. Niyə? Çünki Ermənistan mütəmadi olaraq etnik təmizləmə yolu ilə “təmizlik” aparmağı sevir.
Yazırsan ki, Türkiyə beynəlxalq terrorizmin sponsorudur və gözəl insan, Rusiyanın Türkiyədəki səfiri cənab A.Q.Karlovu türk terrorçu öldürüb. İcazə ver qeyd edim ki, Türkiyə hökuməti cənab səfiri qətlə yetirəni hər kəsdən əvvəl terrorçu elan etdi. Bilirsən, budur əsas fərq Henri. Yadındadır, 2016-cı ildə İrəvanda hündürlüyü 5,7 metr olan heykəl qoyuldu. Özü də bürüncdən. Açılışına hətta Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan da qatıldı. Yadına sala bilərsənmi kimin idi o heykəl? Bəli, tam haqlısan, Njde Qareqinə. Kim idi Njde? Bəli, bəli, afərin, milliyətçi-terrorçu və üçüncü reyxin müttəfiqi.
Mövzü beynəlxalq terrordan açılmışkən qısaca olaraq yadına salım ki, cəmi 5 il ərzində 1885-1890-cı illər arasında erməni milliyətçi-terrorçuları tərəfindən üç beynəlxalq terror təşkilatı qurulub: “Armenakan”, “Hnçaq” və “Daşnaqsütyun”. Məhz bu təşkilatlar mövcud olduqları dövrlərdə türk diplomatlarına və dinc əhaliyə qarşı onlarla terror aktının təşkilatçıları olublar. 1975-ci ildə ermənilər tərəfindən yaradılmış növbəti terror təşkilatı olan “ASALA” tərəfindən təşkil edilmiş 1983-cü ildə Fransada, Parisin Orli aeroportunda Türk Hava Yollarının kassalarının qarşısındakı terror aktını xatırlayırsanmı? Bəli, o terror aktı ki, nəticədə səkkiz nəfər dinc və günahsız insan həlak olmuş 55 nəfər yaralanmışdı. Bu arada, əgər yadından çıxıbsa yadına salım ki, bu terror hadisəsini Monte Melkonyan təşkil etmişdi. Həmin Monte hansı ki, 1990-cı ildə Ermənistana gəlmiş və Azərbaycan torpaqlarının işğal olunmasında və 1992-ci ildə Xocalı Soyqırımının təşkil edilməsində şəxsən iştirak etmişdir.
613 – bu rəqəmi bir yerə qeyd elə. 613 nəfər günahsız insan, 103 körpə, 106 qadın erməni cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. Xocalı Soyqırımı zamanı. Qeyd edim ki, bu soyqırımı təşkil edənlərdən biri daha sonra Ermənistanın prezidenti seçildi. Monte Melkonyanın terrorçu həyatı ilə bağlı onun qardaşı Markar Melkonyan 2005-ci ildə bir kitab çap edir. Kitabın adı “Qardaşımın yolu” adlanır. Oxumamısansa məsləhət görürəm ki, oxuyasan. Oxuyanda qürur və ya utanc hissi keçirməyin isə artıq sənin daxili dünyan və insafından asılı olan bir məsələdir. Ona görə “Azərbaycan tərəfdə döyüşən terroristlər” mifini ortaya atanda bir düşün, bu heç cümlə quruluşu olaraq da məntiqli deyil. Bax, amma Ermənistan kontekstindən baxanda bu Ermənistan üçün terrorçu köklərə qayıtmaq prizmasından gözəl bir fürsətdir.
Sən bunu dilinə gətirməyə bilərsən, lakin sən çox gözəl anlayırsan ki, Ermənistan işğalçı ölkədir. “MQİMO” məzunu kimi sən çox gözəl başa düşürsən ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Sən həmçinin, anlayırsan ki, provokasiyalar artıq fayda vermir, Azərbaycan öz torpaqlarını azad edəcək və Ermənistanı sülhə məcbur edəcək. Sən gözəl anlayırsan ki, Rusiyanın məsələyə qarışmaması yerində verilmiş düzgün qərardır.
Sən şəxsən, Ermənistana gedərək işğalçı rejim tərəfdən öz “doğrun” uğrunda savaşa bilərsən, lakin başa düşməlisən ki, rus əsgəri Ermənistanın absurd-fantastik ərazi iddiaları uğrunda həlak olmaq məcburiyyətində deyil. Moskvada yağ-bal içində yaşayaraq insanları ölümə səsləmək əlbəttə ki, çox rahatdır, lakin bəsdir Rusiya cəmiyyətində dezinformasiya və çaşqınlıq yaradaraq Rusiya xalqını öz haqsız və ikiüzlü oyunlarınıza alət etdin.
Bir şeyi qulağına sırğa et. Biz çox mərhəmətli və sülhsevər xalqıq. Düşünürəm sən artıq Aznif Baqdasaryan haqqında eşitmisən. Rəsmi olaraq əsir olsa da faktiki olaraq bizim Bakıda olan qonağımızdır. Əllərində qandal olmadan bütün insanlar kimi masa arxasında əyləşib Azərbaycan qutabı yeyib Bakı paxlavası ilə çay içirdi. Bu arada qutabı da, paxlavanı da çox bəyəndiyini qeyd etdi. Və xırda bir detala diqqətini çəkmək istəyirəm. Çay içdiyi samovar, önündəki masanın üstündə idi, Xocalı Soyqırımında erməni əsgərlərinin azərbaycanlı əsirlərə etdiyi kimi isti isti belinə bağlanmamışdı.
Yadımdadır, 2019-cu ildə “MQİMO”-nun Daşkənddə keçirilən məzunların forumuna uçan zaman təyyarədən çox qorxduğunu dedin. Sənə təyyarə ilə səyahətin nə qədər təhlükəsiz olduğunu demişdim. Daşkəndə enəndə demişdin ki, hava burulğanına düşdüyümüz zaman mənə baxırdın, sakit olduğumu görəndə başa düşürdün ki, hər şey yaxşıdır. Henri, mən sakitəm. Sakitəm çünki hər şey yaxşıdır. Azərbaycanda hər şey yaxşıdır və Ermənistanda da yaxşı ola bilər. Sadəcə olaraq gözlərinizi açın. Açın, həqiqətin gözünün içinə baxın və işğal etdiyiniz torpaqları boşaldın. Mən hiss edirəm ki, ən qısa zamanda regionda sülh olacaq. Mən sakitəm, çünki mən Prezidentimə çox güvənirəm və inanıram. O Prezident ki, öz ölkəsini, öz xalqını sevir və bölgədə sülhün və əminamanlığın bərqərar olması üçün əlindən gələni edir. Sakitəm çünki, orduda xidmət edən qardaşlarımı yaxşı tanıyıram və onlara güvənirəm.
“MQİMO”-nun məzunu kimi səni ən qısa zamanda Şuşaya çay içməyə və ya yerli üzüm növlərindən hazırlanmış dadlı şərablardan dadmağa dəvət edəcəm, əlbəttə ki, dünyanın ən gözəl bayrağı olan Azərbaycan bayrağının altında. Qonaq kimi biz sənin təhlükəsizliyinə təminat veririk”.
Ən qısa zamanda Şuşada görüşənədək!