
Bakı. Trend:
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər.
“Startap” şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış
Ekspertlər Şurasının iclasında daha 16 layihəyə baxılıb. Nəticədə
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha
10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap”
şəhadətnaməsi almış KOB subyektləri şəhadətnaməni aldıqları
tarixdən etibarən 3 il müddətinə innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad
ediliblər.
“Startap” şəhadətnamələri “Smartcart” MMC-nin pərakəndə ticarət
obyektlərində özünəxidmət əsaslı alış-veriş və ödəniş proseslərinin
rəqəmsal idarə olunmasını təmin edən platforması, “İ Happy” MMC-nin
rəqəmsal hədiyyə kartlarının əldə edilməsi, idarə olunması və
istifadəsini təmin edən onlayn platforması, “Kataloq Shop” MMC-nin
satış, inventar, CRM və logistika proseslərini vahid sistem
üzərindən idarə edən onlayn platforması, “Eintree Solutions”
MMC-nin ictimai iaşə obyektlərində sifariş və idarəetmə
proseslərini vahid platformada birləşdirən rəqəmsal həlli,
“Dahacox” MMC-nin gül və hədiyyələr üçün elektron ticarət
(marketpleys) platforması, “FitNest” MMC-nin idman və sağlam həyat
tərzi xidmətləri üçün vahid rəqəmsal platforması üçün təqdim
edilib. Həmçinin fiziki şəxslər Bəhruz Quliyevin yükdaşımaların
sifarişi, izlənilməsi və idarə edilməsini təmin edən rəqəmsal
logistika və Ümid Rzazadənin restoranların sifariş və idarəetmə
proseslərini optimallaşdıran rəqəmsal idarəetmə platformalarına,
“Talantly” MMC-nin istedadların qiymətləndirilməsi və karyera
inkişafını dəstəkləyən süni intellekt əsaslı platforması,
“Modbender” MMC-nin rəqəmsal platformalarda təqdim olunan geyim və
aksesuarların modaya uyğun kombinasiya edilməsini təmin edən
rəqəmsal xidmətinə də “Startap” şəhadətnamələri verilib.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı
302-yə çatıb.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və tələb olunan sənədlər,
həmçinin meyarlar barədə ətraflı məlumatı aşağıdakı link vasitəsilə
əldə etmək mümkündür:
https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

