Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, birgə məlumatda deyilir:
“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.
İyul ayının 26-da saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən sərhəd pozucusu qismində saxlanılıb.
Saxlanılan şəxslərin Şəki rayon sakinləri 1987-ci il təvəllüdlü Nəsibov Kamal Ramiz oğlu və 1991-ci il təvəllüdlü Əliyev Elnur Möhübbət oğlu olmaları, əraziyə K.Nəsibova məxsus “Priora” markalı 99-KG-752 dövlət nömrə nişanlı avtomobillə gəlmələri müəyyən edilib. Avtomobilə baxış zamanı salonun içərisindən çəkisi 7 qram narkotik vasitə marixuanaya bənzər maddə, 2 ədəd tapança, 1 ədəd 16 mm çaplı ov tüfəngi, 5 ədəd patron, 1 ədəd cib bıçağı, 1 ədəd xəncər, 3300 Azərbaycan manatı və 200 ABŞ dolları aşkarlanaraq götürülüb.
Hazırda Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
www.102info.az