Ermənistan tərəfi ilk dəfə deyil ki, götürdüyü öhdəliyi yerinə yetirmir. Onlara aid olan qətnamələrin, beynəlxalq sənədlərin icra olunmaması ilk dəfə deyil.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyət bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, Ermənistan növbəti dəfə atdığı addımla öz riyakarlığını sübut etdi:
“Bütün bunlara rəğmən biz humanitar atəşkəsə getməklə ölkə olaraq növbəti dəfə öz humanistliyimizi nümayiş etdirdik. Çünki hərbi əməliyyatların aparılmasının qaydaları var və Azərbaycan buna riayət edir. Ermənistan bu normaları pozursa, bunun onlar üçün çox ağır nəticələri olacaq. Atəşkəsin elan edilməsindən cəmi bir neçə saat keçib. Gəlin gözləyək və daha sonra daha dəqiq proqnozlar aparaq”.
C.Bayramov Ermənistan Xarici İşlər nazirinin təxribatçı bəyanatlarına da münasibət bildirib:
“Ermənistanın hərbi-siyasi rəhbərliyi çox ağır vəziyyətdədir, biz bunu bir sıra istiqamətdə gördük. Onlar daxili auditoriya üçün yalan məlumat verməklə bütün fürsətləri dəyərləndiməyə çalışırlar. Son 10 gündən artıq müddətdir ki, bunun şahidi oluruq- açıq şəkildə itirdikləri ərazilər, oradan apardıqları çəkilişlər və s. Lakin buna rəğmən Ermənistan rəhbərliyi öz əhalisini aldadır, olmayan “uğurlarından” danışırlar.
Daxili qarşıdurma pik həddə çatdırılıb. Bir neçə yüksək rütbəli generalları haqqında hərbi cinayətlərlə bağlı ittihamlar var. Belə olan təqdirdə daxili auditoriya üçün “müsbət” mesajların verilməsi kimi məqamları biz hələ çox görəcəyik. Bir il bundan öncə onlar bəyan edirdilər ki, Dağlıq Qarabağ Ermənistandır, bu gün isə baza prinsiplərinin altına imza atırlar, öz şərtlərindən imtina edirlər. Odur ki, Ermənistan tərəfinin təxribat xarakterli məlumatlarına diqqət yetirmək lazım deyil. Bu onların ağır durumunun daha bir təsdiqidir”.
Könül Cəfərli