Musa Qasımlı: “Prezidentin elm və təhsillə bağlı son fərmanı mahiyyətcə inqilabi addımdır” – FOTO

Siyasət

“Elm və Təhsil Nazirliyinin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasının sırf ictimai və humanitar elm sahələri institutlarından yenidən təşkil edilməsinin nəzərdə tutulması Azərbaycanda bütün sahələrdə aparılan geniş və dərin islahatların tərkib hissəsidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, deputat Musa Qasımlı deyib.

O bildirib ki, tarixi əhəmiyyət daşıyan fərman obyektiv zərurətdən irəli gəlib:

“Fərman elm və təhsil sahəsində qarşıda dayanan vəzifələrin müasir tələblərə uyğun olaraq yerinə yetirilməsinin nəticəsidir. Ölkəmizin ümumi inkişafına fayda verməsini nəzərdə tutan bu addım mahiyyətcə inqilabi, məzmunca əhatəli, məqsədlərinə görə isə stratejidir. Fikrimcə, fərmanın icrası ilə ölkəmizdə hər şeydən əvvəl elm və təhsilin inteqrasiyası dərinləşəcək, elmi tədqiqatların nailiyyətləri universitet auditoriyalarına daha tez daxil olacaq, istehsalata tətbiqi sürətlənəcək”.

Komitə sədrinin müavini vurğulayıb ki, elm yedəkdə sürünməyəcək, ölkənin ümumi inkişafına kömək edəcək:

“Gənclər elmə həvəslə gələcəklər, nəsillər arasında üzvi əlaqə, varislik təmin ediləcək, qocalma proseslərinin qarşısı alınacaq. Tədqiqat işlərinin qısa, orta və uzunmüddətli sistemli planlaşdırılması həyata keçiriləcək, daha keyfiyyətli, dünya səviyyəsinə çıxa biləcək araşdırmalar aparılacaq. Universitet təhsilimizin də keyfiyyəti yaxşılaşacaq. Hər şey əslində yenidən başlanır. Görüləcək işlər çoxdur. İndi əsas iş icraçıların, məsul şəxslərin üzərindədir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir