
Bakı. Trend:
2026-cı ilin yanvar – avqust ayları ərzində İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə
12 milyard 619,1 milyon manat vergi daxil olub ki, bu da proqnoza
nisbətən 900,1 milyon manat çoxdur.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi
daxilolmaları 1 milyard 58 milyon manat və ya 9,2 faiz artıb.
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9 milyard 468,7
milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 281,7 milyon
manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu
sektordan vergi daxilolmaları 1 milyard 34,1 milyon manat və ya
12,3 faiz artıb.
2026-cı ilin yanvar – avqust aylarında məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 4 milyard 546,6 milyon manat
olub, proqnozdan əlavə 252,8 milyon manat vəsait ödənilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 52,7 milyon
manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 161,8
milyon manata yaxın olub, proqnozdan əlavə 7,5 milyon manat vəsait
ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 125,3 milyon
manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 682
milyon manatdan çox olub, proqnozdan əlavə 17,4 milyon manat vəsait
ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 456,3 milyon
manata yaxın təşkil edib.
Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin
iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı son illər
həyata keçirilən islahatların qeyri-neft sektorunun davamlı
inkişafını təmin etdiyini bildirib. Onun sözlərinə görə, hesabat
dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil
edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə
müqayisədə 2,7 faiz real artım deməkdir.
Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı
55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O
vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi
daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə
yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə
çatdırılması nəzərdə tutulur.
“Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun
inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının
azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri
olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması
və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı
olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır”, –
deyə Sahil Babayev bildirib.

