Xətai rayonunda ağacların gecə saatlarında kəsildiyi iddia edilib.
Bu barədə Cavanşir küçəsi, 116 saylı məktəbin yaxınlığında yaşayan sakinlər Oxu.Az-ın redaksiyasına müraciət ünvanlayıblar.
Bildirilib ki, məktəbin yanındakı parkda tut ağacı gecə saatlarında kəsilib:
“Orada olan adamlar müdaxilə etmək istəsə də, əhəmiyyət verilməyib”.
Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Cavanşir küçəsi, 116 saylı məktəbin yaxınlığındakı parkda ağacların kəsilməsi ilə bağlı məlumat xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb:
“Araşdırma zamanı sözügedən ərazidə ağac kəsilməsi faktının olmadığı, lakin bir neçə ağaca xəstəlik düşməsi səbəbindən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən onlara aqrotexniki qulluq göstərildiyi müəyyən edilib”.





İlhamə Əbülfət
www.102info.az