Qarabağdakı bərpa prosesi dünyaya nümunədir – Pakistan səfiri

Baş səhifə

Xankəndi. Trend:

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və
yenidənqurma işlərinin həcmi, sürəti və keyfiyyəti olduqca
təsirlidir.

Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin
Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Trend-ə açıqlamasında
deyib.

“Bu, hər bir pakistanlı və sülh istəyən hər kəs üçün həqiqətən
qürurverici məqamdır. Burada həyata keçirilən bərpa işlərinin
həcmi, sürəti və keyfiyyəti möhtəşəmdir.

Ötən il Xankəndidəki konfrans mərkəzində İqtisadi Əməkdaşlıq
Təşkilatının Sammiti keçirilmişdi. Cəmi bir il ərzində bura sanki
tamamilə yeni bir şəhərə çevrilib. Yeni tunellərin tikilməsi, dəmir
yolu xətlərinin çəkilməsi və insanların öz doğma torpaqlarına
inamla geri qayıtması həqiqətən möcüzəvi prosesdir.

Azərbaycan dünyaya qürurla göstərə bilər ki, uğurlu bərpa və
könüllü məskunlaşmanın qızıl standartı məhz burada yaradılır.
Söhbət insanların uzun illər işğal altında qalmış doğma
torpaqlarına öz istəkləri ilə qayıtmasından gedir. Bu proses digər
ölkələr üçün də nümunə və etalon ola bilər. Azərbaycana qarşıdakı
illərdə daha böyük uğurlar arzulayıram”, – səfir bildirib.

Qasım Mohiuddin Pakistanın Qarabağdakı bərpa və yenidənqurma
prosesinə töhfə verməyə hazır olduğunu da vurğulayıb.

“Bu istiqamətdə müəyyən müzakirələr aparılır. Biz texniki
komandalarımız, tikinti şirkətlərimiz, müəllimlərimiz və
həkimlərimiz vasitəsilə Qarabağda Azərbaycana dəstək göstərməkdən
məmnun olarıq. Azərbaycan Pakistanın ən yaxın dostlarından və
qardaş ölkələrindən biridir. Buna görə də biz Azərbaycana hər cür
yardım və dəstək göstərməyə, eləcə də bilik və təcrübəmizi
bölüşməyə hazırıq”, – diplomat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə
sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri
başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150
nəfərdən ibarət heyət iştirak edir.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident
İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə
və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı
bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan
sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni
irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası
istiqamətində görülən tədbirlərlə tanış olacaqlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir