İyunun 29-da Yer gözlənilmədən öz oxu ətrafında 24 saatdan 1,59 millisaniyə tez fırlanıb. Bu, atom saatlarının 1960-cı illərdə bu cür məlumatları böyük dəqiqliklə izləməyə başlamasından bəri onun ən sürətli dövrü olub.
Son illərdə Yerin fırlanması tədricən sürətlənir, lakin bunun niyə baş verdiyini heç kim bilmir. Onilliklər ərzində belə bir şeyin baş verməməsinə baxmayaraq, 2020-ci ildən bəri planet artıq fırlanmada sürət rekordunu bir neçə dəfə qırıb.
Tasmaniya Universitetinin professoru, planetimizin fəaliyyətini müşahidə edən mütəxəssis Mett Kinqin sözlərinə görə, bu, həqiqətən də, qəribə bir hadisədir.
“Aydındır ki, nəsə dəyişib və bu, 1970-ci illərdə dəqiq radio astronomiyasının meydana çıxmasından bəri özünü göstərməyən bir formada baş verib”, – deyə o bildirib.
Qeyd edilir ki, günlər qısalmağa davam edərsə, alimlər atom saatından bir saniyə çıxarmalı olacaqlar. Bu, əqrəblərin tarixdə ilk mənfi korreksiyası olacaq.
1972-ci ildən bəri elm dünyası sıçrayış saniyəsinin əlavə edilməsi təcrübəsini qəbul edir. Bu Koordinasiya edilmiş ümumdünya vaxtı (ing. Universal Time Coordinated – UTC) şkalasını orta Günəş vaxtı UT1 ilə uyğunlaşdırmaq üçün əlavə edilir. İndiyə qədər saniyələr əlavə edilib və heç vaxt çıxarılmayıb.
Eyni zamanda, elm adamlarının hesablamalarına görə, Yerin Ay ilə qarşılıqlı təsirindəki dəyişiklik səbəbindən 6,7 milyon ildən sonra planetimizdə bir gün bir dəqiqə uzanacaq.
Mənbə: Habr.com
www.RIA24.az