
Bakı.Trend:
Bolqarıstanın Trayan şəhəri yaxınlığında, Tsareva-Liva kəndi
ərazisində yerləşən “Emko” hərbi zavodunun anbarlarında yanğın və
partlayışlar baş verib.
Bu barədə “Nova” telekanalı yerli administrasiyanın
nümayəndələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, xoşbəxtlikdən partlayış nəticəsində yaxınlıqda
heç kim olmayıb, zərərçəkən yoxdur.
Məlumata görə, hadisə ötən gecə baş verib, anbarların
mühafizəçiləri operativ şəkildə təxliyə olunub. Ərazi mühasirəyə
alınıb və fövqəladə hallar zamanı milli xəbərdarlıq sistemi işə
salınıb. Yerli əhali üçün təhlükə yoxdur.
Qeyd edək ki, bu, son bir ay ərzində müəssisənin anbarlarında
baş verən ikinci yanğındır. Avqustun 10-da Belitsa kəndi ərazisində
yerləşən sursat anbarında da analoji hadisə baş verib. Həmin hadisə
zamanı da zərərçəkən olmayıb.

