Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi “Qisas” əməliyyatı Azərbaycanla Ermənistan arasında olan qarşıdurmanı yenidən gündəmə gətirdi.
Müəyyən müddət ərzində hətta Ukraynadakı müharibə də arxa plana keçdi. Bu məqam Ukrayna mediasında belə, aydın müşahidə edildi.
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi öz narahatlığını bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə hökumətin iclasını keçirərək, təəccüblü açıqlamalar səsləndirdi.
Məsələn, Paşinyan dedi ki, Qarabağda Ermənistanın Silahlı Qüvvələri yoxdur. Bu açıqlama İrəvanın öz hərbçilərini Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasından çıxartmağa başladığı vaxta təsadüf etdi. Amma bununla belə, Qarabağdan çıxarılan hərbçilərin müqaviləli hərbi xidmət keçən kontingentlə əvəz ediləcəyi barədə də anons verilir.
Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Oxu.Az-a açıqlamasında qeyd edib ki, hazırda Qarabağda baş verən gərginləşmə sistematik xarakter daşıyır:
– Böyük münaqişə potensialı yığılıb. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına əməl etmir. Söhbət ilk növbədə erməni əhalisinin yaşadığı və Qarabağda rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazidə demilitarizasiyanın aparılmasından gedir. Bütün erməni birləşmələrini oradan (Qarabağdan – red.) çıxarmaq lazımdır. Onların arasında Ermənistandan olan çağırışçılar da var ki, biz bunu ən azı İrəvandakı erməni anaların çıxışlarından görürük. İşğal olunmuş Qarabağ ərazisində Ermənistanın yaratdığı hərbi birləşmələr, həmçinin ultramillətçi “Sasna Tsrer”, “Daşnaksütyun” təşkilatlarının silahlı qrupları var.
İkinci məqam ondan ibarətdir ki, İrəvan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı razılaşmaları yerinə yetirmir. İrəvan prosesi uzadır. Ermənistanla həmsərhəd olan Azərbaycan əraziləri 30 ilə qədər işğalda saxlanılıb. Sərhəd boyu erməni subyektlər tərəfindən təsərrüfat mənimsəməsi baş verib. İndi orada tikililər, mini-zavodlar var və ermənilər onları buraxıb getmək istəmirlər. Ona görə də iki ilə yaxındır ki, sərhədin demarkasiyası və delimitasiyası əngəllənir. Amma istənilən halda ərazilər geri qaytarılmalıdır.
Razılaşmada olan və Ermənistanın yerinə yetirmədiyi üçüncü tələb isə Zəngəzur dəhlizi ilə bağlıdır. Onun konsepsiyası çoxdan yaradılmalı idi: Dəhliz haradan keçəcək, onu kim tikəcək, o necə idarə olunacaq və sair. Amma bütün bunların baş verməsinə radikal erməni müxalifəti mane olur. Onlar istəyirlər ki, bu yol tamamilə Ermənistanın nəzarətində olsun. Amma Zəngəzur nəqliyyat dəhlizi dedikdə heç də bu məqamlar nəzərdə tutulmur. Bütün bu nəhəng münaqişə potensialı özünü toqquşmalar şəklində büruzə verir. Və bu, yenidən baş verə bilər, çünki əsas problem – Ermənistanın Qarabağdan tamamilə çıxarılması həllini tapmayıb. Hadisələrin məntiqi tələb edir ki, Ermənistan nəhayət Azərbaycanın Qarabağ bölgəsinin bütün ərazisində Bakının suverenliyini tanısın. Ermənistan Azərbaycanla müharibəyə can atmır, çünki onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu Ermənistan ordusundan qat-qat güclüdür. Döyüş əməliyyatları baş verərsə, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu sadəcə olaraq darmadağın edəcək.
Ona görə də Ermənistanın fərqli strategiyası var. İrəvan Rusiya sülhməramlıları ilə Azərbaycan Ordusu arasında, Rusiya ilə Azərbaycan Müdafiə Nazirliyi arasında, Rusiya və Azərbaycan diplomatiyası arasında münaqişə yaratmaq istəyir. Sonra isə hərbi toqquşmalara nail olub erməni lobbisinin tələbi ilə Rusiya Silahlı Qüvvələrini erməni maraqlarını qorumağa cəlb etməkdir. Onlar bunu həmin erməni lobbisinin vasitəsi ilə Rusiya mətbuatında və hakimiyyət orqanlarında həyata keçirməyə çalışırlar. Bu, əlbəttə, həyasız bir plandır. Rusiyada hesab edirlər ki, RF bu məsələdə neytral mövqe tutmalıdır.
Nair Əliyev
www.RIA24.az