Türk dünyası daxilində Azərbaycanın kapital axını və daxilolmaları ən yüksək səviyyədədir – Vüsal Qasımlı

Baş səhifə

Bakı.Trend:

Türk dünyası daxilində Azərbaycanın kapital axını və
daxilolmaları ən yüksək səviyyədədir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal
Qasımlı Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik
Mərkəzlərinin II Beynəlxalq Konfransı zamanı çıxışında deyib.

O qeyd edib ki, Türk dövlətləri arasında investisiya üzrə
Azərbaycan liderdir.

“Azərbaycanın Orta Dəhliz Davamlılıq İndeksi göstəricisi 1
üzərindən təxminən 0,5 təşkil edir. Bu göstərici bir tərəfdən
davamlılıq üçün yaxşı bir bazanın olduğunu, digər tərəfdən isə
regional infrastrukturu genişləndirmək, təkmilləşdirmək və Orta
Dəhlizi rəqəmsallaşdırmaq üçün böyük imkanların varlığını
göstərir”,- deyə o bildirib.

V.Qasımlı əlavə edib ki, Türk Dövlətləri Təşkilatı (TDT)
regionunun iqtisadi və maliyyə göstəricilərinə nəzər saldıqda
görünür ki, regionun qlobal ÜDM-dəki payı 2%, qlobal yığımlardakı
(əmanətlərdəki) payı 2,3% olduğu halda, qlobal bank aktivlərindəki
payı cəmi 0,8% təşkil edir.




“Yarana biləcək maliyyə çatışmazlığını aradan qaldırmaq üçün
əsas vəzifə regionun yığım potensialını səfərbər etmək və yeni
nəsil maliyyə həlləri vasitəsilə bu resursları səmərəli
investisiyalara və davamlı iqtisadi artıma yönəltməkdir”,- deyə o
vurğulayıb.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Təşkilatının Aparıcı Milli
Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr
və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın
gücləndirilməsi” mövzusuna həsr olunan konfransın əsas məqsədi
TDT-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişaf
perspektivlərini, institusional mexanizmləri və birgə tədqiqat
imkanlarını müzakirə etməkdir.

Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasının
müxtəlif dövlət qurumlarını, analitik mərkəzləri, elmi-tədqiqat və
digər təşkilatlarını təmsil edən nümayəndələr iştirak edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir