
Bakı. Trend:
Artıq ikinci ildir ki, xalqımız 20 sentyabr Dövlət
Suverenliyi Gününü böyük təntənə və coşqu ilə qeyd edir. Prezident
İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə təsis
olunan bu bayram respublikamızın milli suverenliyini qürur və
iftixarla dünyaya çatdırır. Bu əlamətdar tarix Azərbaycanın müasir
tarixində yeni mərhələnin başlanğıcını, ölkəmizin bütün ərazisində
dövlət suverenliyinin tam və qəti şəkildə təmin olunmasını
simvolizə edir.
Suverenlik hər bir toplum üçün əvəzolunmaz dəyəri olan milli
sərvət, qürur mənbəyi və fəxarət ünvanıdır. Azərbaycan xalqı dövlət
müstəqilliyinə nail olmaq və suverenliyini qorumaq üçün tarix boyu
çox sınaqlardan, ağır mübarizələrdən keçib. Ona görə bu gün
suverenliyimizin və ərazi bütövlüyünün təmin olunması
dövlətçiliyimizin ən mühüm siyasi nailiyyətlərindən biri kimi
xüsusi əhəmiyyət daşıyır.
Qeyd etdiyim kimi, xalqımız tarix boyu suverenliyi uğrunda çox
mübarizələrdən keçib. Bu baxımdan 2020-ci ilin 44 günlük Vətən
müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ilin
lokal xarakterli antiterror tədbirlərində ərazi bütövlüyümüzün tam
bərpa olunması yalnız müasir müstəqillik deyil, son bir neçə əsrlik
tariximizin mühüm hadisələri olmaqla bərabər, xalqımızın əzmini və
əyilməzliyini göstərən faktorlardır.
Beynəlxalq hüquq suveren dövləti müxtəlif siyasi meyarlarla
yanaşı, özünün ərazisi və tək hökuməti olan dövlət kimi xarakterizə
edir. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycan
dövlətinin beynəlxalq hüquqla təsbit olunan bu suveren hüquqları
kobud şəkildə pozulmuşdu. Torpaqlarımız havadarlarının köməyi ilə
Ermənistan tərəfindən işğal olunmuş, tarixi yurd yerimiz olan
Qarabağda separatçı və qondarma rejim qurulmuşdu. Qanunların, hüquq
normalarının işləmədiyi bu ərazilərdə Ermənistan dövləti və
separatçı qanunsuz və cinayətkar fəaliyyətlə məşğul idilər. Qarabağ
və Şərqi Zəngəzurun təbii sərvətləri işğalçılar tərəfindən talan
olunaraq xarici dövlətlərə satılırdı. Təbii ki, Azərbaycan dövləti
və xalqı işğal faktı, ərazilərində ikinci erməni dövlətinin
qurulması ilə razılaşa bilməzdi. Bu baxımdan torpaqlarımızın
işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını ilk gündən milli
vəzifə kimi qarşıya qoyan Prezident İlham Əliyevin yürütdüyü
qətiyyətli siyasətin, Silahlı Qüvvələrimizin gücünün, xalqımızın
milli iradəsinin təntənəsinə çevrildi.
Vətən müharibəsindən sonra isə qarşıda duran əsas milli
vəzifələrdən biri Qarabağdakı erməni separatizminə son qoyulması,
Azərbaycan dövlətinin konstitusion hüquqlarının bu ərazilərdə
bərpası idi. Qondarma bir rejimin Qarabağda fəaliyyətini davam
etdirməsi əlbəttə ki, Azərbaycan dövləti tərəfindən qəbul oluna
bilməzdi. Digər tərəfdən separatçılar tərəfindən Laçın yolu ilə
Qarabağa silah-sursatın daşınması, mütəmadi olaraq atəşkəsin
pozulması təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi. Bütün
bunların qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən atılan
qətiyyətli addımlardan biri 2023-cü il aprelin 23-də Laçın-Xankəndi
yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla
sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradılması oldu. Bu,
Azərbaycanın II Qarabağ müharibəsindən sonra qazandığı növbəti
siyasi-hərbi nailiyyət oldu. Sərhəd nəzarət-buraxılış məntəqəsinin
qurulması ilə Azərbaycan beynəlxalq aləm tərəfindən tanınmış bütün
sərhədləri boyunca suveren hakimiyyətini, nəzarətini və ərazi
bütövlüyünü təmin etdi. Bu hadisə bir daha göstərdi ki, Prezident
İlham Əliyevin Azərbaycanın milli maraq və mənafelərinin qorunması,
təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasi kurs
respublikamızın bütün strateji hədəf və məqsədlərinə çatmasını
layiqincə təmin edir.
2023-cü il sentyabrın 19-20 tarixlərində Silahlı Qüvvələrimizin
bölmələrinin Qarabağdakı separatçılara və Ermənistan silahlı
qüvvələrinin qalıqlarına qarşı həyata keçirdiyi antiterror
tədbirləri isə Azərbaycan hökumətinin bütün ərazilərimiz üzərində
milli suverenliyimizin və dövlətimizin konstitusion hüquqlarının
bərpa edilməsi istiqamətindəki fəaliyyətin əsas hərbi-siyasi
hadisəsi oldu. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat
nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün
vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Azərbaycan
dövlətinin tarixində və xalqımızın həyatında müstəsna əhəmiyyət
kəsb edən antiterror tədbirlərinin nəticəsi olaraq Qarabağ iqtisadi
rayonunda Azərbaycan dövlətinin milli suverenliyi bərpa edildi.
Bununla Azərbaycanın müasir tarixində həm də yeni mərhələ başlandı.
Çünki müstəqillik tariximizdə ilk dəfə olaraq antiterror
tədbirlərindən sonra bütün ərazilərimiz üzərində dövlətimizin
konstitusion hüquqları təmin edildi.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət
Suverenliyi Gününün təsis edilməsi haqqında” 19 sentyabr 2024-cü il
tarixli sərəncamına əsasən antiterror tədbirlərinin qələbə ilə başa
çatdırıldığı, respublikamızın bütün əraziləri üzərində dövlət
suverenliyimizin bərpa edildiyi, Azərbaycan Konstitusiyasının
hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə
bərqərar olunduğu 20 sentyabr tarixi Dövlət Suverenliyi Günü kimi
təsis edilib. Bu Sərəncam həm Azərbaycanın 1991-ci ildə
müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya
nöqtəsi olan ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi və məntiqi
sonunu əks etdirir, həm də tariximizin yeni mərhələsinin
başlanmasından xəbər verir.
Bu gün xalqımız suverenliyin təntənəsini yaşayır. Azərbaycanın
üçrəngli bayrağı işğaldan azad olunmuş bütün ərazilərimizdə vüqarla
dalğalanır, suveren Azərbaycan dövlətinin varlığını dünyaya bəyan
edir. Artıq milli suverenliyimiz tam, ərazilərimiz bütöv,
sərhədlərimiz isə toxunulmazdır. Heç bir qüvvə Azərbaycanın
müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhdid yarada
bilməz.
Antiterror tədbirlərində qazanılan mühüm tarixi nailiyyətlər
yalnız Ermənistana və erməni separatizminə deyil, həm də
antiazərbaycançı şəbəkənin təlimatları ilə respublikamıza qarşı
qarayaxma kampaniyası aparmaqla məşğul olan sapı özümüzdən olan
baltalara vurulan böyük zərbə oldu. Məlum olduğu kimi, özünü
müxalifətçi və ya mühacir müxalif hesab edən, reallıqda isə öz
fəaliyyətləri ilə respublikamızın milli maraqlarına qarşı çıxan
antimilli qrupun təmsilçiləri Azərbaycan dövlətinin Qarabağdakı
qondarma rejimi ləğv etmək iqtidarında olmadığını iddia edirdilər.
Onların demək olar ki, bütün təmsilçiləri sosial şəbəkə
hesablarından bu cür fikirləri ictimai rəyə sırımağa cəhdlər
göstərirdilər. Avropada məskunlaşmış bəziləri bir az da qabağa
gedərək separatçı rejimin müdafiəsinə qalxırdılar. Azərbaycan
Prezidentinin qətiyyətli siyasəti və ordumuzun gücü ilə cəmi bir
sutkaya separatizmin kökünün kəsilməsi həmin dairələrin bütün
məkrli manipulyasiyalarını alt-üst etdi. Beləliklə, dövlətimizin
gücünə və ordumuzun qüdrətinə şübhə toxumu səpməyə çalışanların
özləri tarixin qarşısında ifşa olundular.
Bu baxımdan respublikamızın öz əraziləri üzərində milli
suverenliyini bərpa etməsi Azərbaycan dövlətinin guya Qarabağ
məsələsini həll edə bilməyəcəyini deyənlərin, separatçı rejimin
ömrünü uzatmağa çalışanların, xaricdən ölkəmiz əleyhinə
kampaniyalar aparanların növbəti məğlubiyyəti oldu. Bir daha
göründü ki, Azərbaycan dövləti öz nailiyyətləri və zəfərləri ilə
antiazərbaycançı şəbəkənin bütün elementlərini iflasa uğradır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

