
Bakı.Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya
Departamentinin əməkdaşları ölkə üzrə miqrasiya nəzarəti ilə bağlı
xüsusi tədbirlər keçirib.
Bu barədə Gürcüstan DİN mətbuat xidməti məlumat
yayıb.
Kompleks tədbirlər nəticəsində ölkədə qanunsuz
qaldığı müəyyən edilmiş 50 əcnəbi, o cümlədən Nigeriya, Əfqanıstan,
Azərbaycan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq,
Türkmənistan və Misir vətəndaşları saxlanılıb.
Miqrasiya nəzarəti ilə bağlı xüsusi tədbirlər
çərçivəsində Departamentin əməkdaşları Gürcüstanda qanuni əsas
olmadan olan əcnəbi vətəndaşların müəyyənləşdirilməsi məqsədilə
müxtəlif təyinatlı konkret məkan və obyektlərdə yoxlamalar
aparıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında” qanunla müəyyən edilmiş tələbləri pozaraq ölkədə
olublar.
“Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin
müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib. Onların ölkədən
çıxarılması məqsədilə müvafiq prosedurlar həyata keçirilir”, – deyə
DİN-in məlumatında bildirilir.

